UEFA-nın "maliyyə feyr-pley"i qaydalarını pozan bir sıra klublar cəza və cərimələrinə "qovuşub".
Fanat.Az xəbər verir ki, İsveçrə təmsilçisi "Sion" 2 il avrokuboklardan kənarlaşdırılıb. UEFA-nın Maliyyə Nəzarəti Komitəsinin qərarına görə, komanda 2018/19 və 2019/20 mövsümlərində avrokuboklarda iştirak etməyəcək. Lisenziyalaşdırma və "maliyyə feyr-pley"inin qaydalarını pozan isveçrəlilər bununla yanaşı, 235 min dollar məbləğində cərimələnib.
Qazaxıstan "İrtış"ı da cəzalandırılıb. Bir avrokubok mövsümündən şərti olaraq kənarlaşdırılan kluba 440 min avro cərimə də kəsilib. "İrtış" 3 il sınaq dövrü keçəcək.
Albaniya "Tirana"sı və Serbiya "Voyvodina"sı da cəzaya məruz qalıb. Sözügedən klublar 215 min avro cərimələnib. Bu məbləğ onların 2017/18 mövsümündə Avroliqadan əldə etdikləri gəlirdən çıxılacaq.
Qeyd edək ki, 2016/17 mövsümündə Bakı "İnter"i (hazırkı "Keşlə") də "maliyyə feyr-pley"ini pozmuşdu. Nəticədə avrokuboklardan kənarlaşdırılan kluba iki transfer dönəmində futbolçu almaq yasaq edilmişdi.
Fanat.Az