Türkiyə Super Liqasına yüksələn iki komanda müəyyənləşib. Fanat.Az xəbər verir ki, həmin komandaların adlarına Spor Toto 1-ci liqanın XXXIII turunun oyunlarından sonra aydınlıq gəlib.
Turun bütün qarşılaşmaları eyni saatda başlayıb. "Ümraniyespor"u səfərdə 1:0 hesabı ilə yenən "Çaykur Rizespor" 2016/17 mövsümündə vidalaşdığı Super Liqaya vəsiqə qazanan ilk komanda olub. Hazırda aktivində 66 xal olan Rizə təmsilçisi ikinci pillədən 4 xal öndədi ki, bu da onların sona bir tur qalmış çempionluğu elan etməsi deməkdi.
Super Liqaya vəsiqə qazanan ikinci komanda "Ankaragücü"dü. Bu gün "Manisaspor"u səfərdə 3:0 hesabı ilə yenən Ankara təmsilçisi "Boluspor"un səfərdə "Eskişehirspor"la heç-heçə oynamasından (2:2) istifadə edərək həm gümüş medalları, həm də Super Liqaya vəsiqəni təmin edib.
Super Liqaya 3-cü vəsiqənin sahibi 3-6-cı yerlərin sahibləri arasında keçiriləcək "pley-off" mərhələsindən sonra müəyyənləşəcək. Hazırda bu pillələri ardıcıl olaraq "Ümraniyespor", "Boluspor", "Qazişəhər Qaziantep" və "Ərzrumspor" tutur. Bundan başqa növbəti 3 pillədə qərarlaşan "Altınordu", "Balıkesirspor" və "İstanbulspor" da "pley-off şanslarını qoruyur.
Fanat.Az