“Türkiyə millisini turnirin qalibi olması münasibətilə təbrik edirəm. Yığmamızla final matçında çox gözəl oyun göstərdi. Millimizə isə gələcək turnirlərdə minimum finala yüksəlməyi arzu edirəm. Yenidən finalda oynamaq yığmamız üçün böyük təcrübə oldu. Amma Türkiyə daha güclü idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Bakıda başa çatan III Caspian Cup turniri ilə bağlı fikirlərini açıqlayan baş katib azarkeş marağının böyük olmasına sevinir.
Məmmədovun sözlərinə görə, AFFA gələcək üçün yarışın əhatə dairəsini genişləndirmək fikrindədir: “Gəlin, sizə bir sirr açım. Yaxın 3 il ərzində iştirakçı komandaların sayını 16-ya yüksəltməyi planlaşdırmışıq. Bununla, turnir müddətində azarkeşlərimizə yaxşı futbol ab-havası yaşatmağa çalışacağıq. Futbol ictimaiyyəti də futbol festivalı izləyəcəklər. Göründüyü kimi, komandalar yarışa qatılmaqda maraqlıdır. Turniri hər il keçirməyə çalışacağıq. Çünki bu ənənə halını alıb. Klubların bu cür işlər görməsi çox vacibdir. Hər şeyi AFFA-nın üzərinə atmaq olmaz. Sevindirici haldır ki, bu işdə klublar bizə kömək edir. Qəbələdəki turnirdə yaxşı klublar iştirak edib. Biz də 3 gün əvvəl “Qəbələ” klubuna təbrik və təşəkkür məktubu ünvanlamışıq”.
Məmmədov əsas yığmamızla yanaşı, 21 yaşlılardan ibarət futbolçularımızdan (U-21) da bu həftə rəsmi oyunda qələbə gözləyir: “Biz də arzulayırıq ki, iki oyundan 6 xal qazanaq. Yəni həm əsas, həm də U-21 yığmamız qələbə əldə etsin. Çətin olacaq. Səfərdə onlardan bir xal almışdıq. Ora əminliklə yollanan futbolçularımız heç-heçə ilə geri döndülər. Ancaq doğma meydanda 3 xal qazanmaq üçün əllərindən gələni edəcəklərinə inanıram”.
Qeyd edək ki, əsas yığmamız sabah Lüksemburqu, U-21 ertəsi gün Makedoniyanı qəbul edəcək.
İdman24.az