"Sumqayıt” Topaz Premyer Liqasının 2018/19 mövsümünün iki ilkinə imza atıb. II turda "Sabah”la qarşılaşan Nazim Süleymanovun komandası ilk əzmkar qələbənin müəllifi olub.
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, 4 qol vuraraq qalib gələn sumqayıtlılar həm də səfərdə böyükhesablı qələbə əldə edib. Cari mövsümün əvvəlki görüşlərində heç bir komanda rəqib meydanında 3 və ya daha çox top fərqilə qalib gəlməmişdi.
Bu nəticə həm də "Sabah”ın debüt mövsümünü keçirdiyi Premyer Liqada ilk böyükhesablı məğlubiyyətidi. Sumqayıtın eyniadlı təmsilçisi isə yubiley - 5-ci belə qələbəsini bayram edib.
Bundan əlavə, "Sumqayıt” səfərdə 100-cü qoluna imza atıb. "Əlincə Arena”dakı oyunadək ölkə çempionatının yüksək dəstəsində keçirdiyi 112 qarşılaşmada 99 dəfə sevinən "Gənclik şəhəri” təmsilçisinin yubiley qoluna Nicat Qurbanov imza atıb. 19-cu dəqiqədə hesabı bərabərləşdirən futbolçu klub tarixinə 100-cü səfər qolunun müəllifi kimi düşüb.
Fanat.Az