Azərbaycan milli komadasının və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov FIFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransına və "The Best" adlı mükafatlandırma mərasiminə qatılmaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, 46 yaşlı mütəxəssis səbəb kimi sentyabrın 23-də "Qəbələ" ilə Topaz Premyer Liqasında vacib oyunlarının olmasını göstərib. O, V tur qarşılaşmasında komandasının yanında olmağı məqsədəuyğun sayıb.
Məlumatı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla da təsdiqləyib. O bildirib ki, FIFA-dan aldıqları dəvətə əsasən tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın texniki direktoru Bernhard Lippert yollanacaq.
Qeyd edək ki, FIFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransı sentyabrın 23-də Londonda start götürəcək. "The Best" mükafatı isə sentyabrın 24-də təqdim olunacaq. Tədbirə FİFA-ya üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri, eləcə də 6 konfederasiyanın üzvləri dəvət alıb. FIFA-nın ayrı-ayrı nominasiyalar üzrə təsis etdiyi "The Best" mükafatında 2018-ci ilin ən yaxşı futbolçusu adına Luka Modriç ("Real Madrid", Xorvatiya), Məhəmməd Salah ("Liverpul", Misir) və Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya) namizəddi. Ən yaxşı baş məşqçi isə Didye Deşam (Fransa), Zlatko Daliç (Xorvatiya) və ya Zinəddin Zidan ("Real Madrid"in sabiq baş məşqçisi) seçiləcək.
Fanat.Az