Gürcüstanda Açıq Əyləncəli Uşaq Futbol Məktəblərinin İdarə Heyəti üzvlərinin iştirakı ilə iclas keçirilib. Ölkəmizi tədbirdə AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı, Açıq Əyləncəli Uşaq Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev təmsil edib. R.Əliyev affa.az saytına tədbirlə bağlı fikirlərini bildirib: “İclasda bir çox məsələlər müzakirə edildi. Təklif etdik ki, bu il ölkəmizdə 15 Açıq Əyləncəli Uşaq Futbol Məktəbi açılsın. Özü də bu dəfə həmin məktəblər qaçqın uşaqlar üçün nəzərdə tutulub. Bu məktəblər Füzulidə, Ağdamda, eləcə də qaçqınların məskunlaşdığı yerlərdə açılacaq. Bundan başqa, Gürcüstanda azərbaycanlılar üçün iki belə məktəb açılacaq. Avqustda Gürcüstanda bu məktəblərin təlimatçıları üçün seminar keçiriləcək. Ölkəmizi 100 nəfər təmsil edəcək. Sentyabrda isə ölkəmizdə Açıq Əyləncəli Uşaq Futbol Məktəblərinin ölkəmizdə açılışının 10 ili tamam olur. Bununla əlaqədar olaraq, Azərbaycanda böyük tədbirlər həyata keçiriləcək”.
İdman24.az