AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun IX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Turan-T" ilə matçın 89-cu dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan "Şuşa"nın futbolçusu Fransis Boadi 2 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə olunub. "Göyəzən"lə matçın 63-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan "Şahdağ"ın futbolçusu Vüqar Əlibabayev isə 1 oyunluq cəzaya məruz qalıb. Qusar klubu buna görə 20 manat ödəyəcək.
"Ağsu" "Neftçala" ilə oyunda 6, "Araz" "Bakılı", "Karvan" "Lokomotiv"lə matçda 4 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimələnib.
Fanat.az