Türkiyə Super Liqasında XXI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, turun mərkəzi oyununda "Qalatasaray" "Trabzonspor"u qəbul edib.
Oyun İstanbul klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qalatasaray" 19-cu dəqiqədə penalti qazanıb və topa yaxınlaşan yeni transfer Mbaye Diagne hesabı açıb. O, debüt oyununda fərqlənməyi bacarıb. 30-cu dəqiqədə Hüqo Rodalleqa bərabərliyi təmin edib. 44-52-ci dəqiqələrdə dubl edən Yunes Belhanda komandasına qələbə qazandırıb.
Turun bu gün daha iki qarşılaşması keçirilib. "Göztəpə" doğma meydanda "Alanyaspor"a 3:1 hesabı ilə qalib gəlib, "Konyaspor" - "Yeni Malatyaspor"la "sülh" bağlayıb - 1:1.
Turun 3 oyunu dünən keçirilib. "Başakşəhər" - "Ərzurum BB" və "Rizəspor" - "Antalyaspor" oyunlarında qalib müəyyənləşməyib (1:1), "Beşiktaş" "Bursaspor"a qalib gəlib - 2:0. Qalan iki matç sabah keçiriləcək.
Qeyd edək ki, 21 turdan sonra turnir cədvəlinə 45 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 39 xalla ikinci, "Beşiktaş" 36 xalla üçüncüdü. 33 xalı olan "Trabzonspor" 5-ci, 23 xalı olan "Fənərbaxça" 14-cü yeri tutur.
Fanat.Az