2014-cü ilin aprel ayında tropik fırtınaların şiddətləndiyi günlərin birində əynində çimərlik geyimi olan Rayner Ernst Kampo Baiyada (Braziliyanın Santo Andre kəndində yerləşən idman və təbiət kurortu) yağışdan islanan ot örtüyünün üzərinə çıxdı və sevinc içində qışqırdı. Nəhayət ki, drenaj sistemi çalışmağa başlamışdı.
DÇ-2006-dan bəri Almaniya Futbol Federasiyasının nəzdində ot örtüyü üzrə mütəxəssis kimi çalışan Ernst Kampo Baiyada sadəcə bir neçə gün idi ki, məşq meydançasına ot toxumu səpmişdi. O, "veqetativ törəmə" metodunu seçərək, əslində, böyük risk eləmişdi. Almaniya millisi sadəcə iki ay sonra Kampo Baiyada ilk məşqinə çıxacaqdı. Ancaq əllərində daha çox seçim də yox idi. Braziliyadakı ən keyfiyyətli çəmən otları matçların keçiriləcəyi stadionlarda və rəsmi məşq meydançalarında istifadə olunmuşdu. Açığı, Almaniyada bu məsələdə gecikmişdi. Federasiya rəsmiləri kənardan Braziliyaya çəmən otu gətirməyi düşünsələr də, uzun yolun torpağa mənfi təsir edəcəyi və örtüyün kələ-kötür forma alacağı ehtimalını hesaba qataraq, sonda bu fikirdən imtina etmişdilər.
Ernst ilk əvvəl Santo Andredə ara verməyən yağışların və sellərin işlərini çətinləşdirəcəyini düşünürdü, ancaq bir dəfə meydançanı gözdən keçirəndə suyun, əslində, otun kök salmasına daha çox yardımçı olduğunu görmüşdü. Sevincdən "uçan" Ernst dərhal telefonla Oliver Birxoffa (Almaniya millisinin meneceri) zəng elədi və muştuluğu verdi. Günlərdi su altında qalan və sadəcə bir hissəsi normal vəziyyətdə olan məşq meydançasının bardağdakı suyun dağılmasına səbəb olacaq son damla olacağını düşünən Birxoff nəhayət rahat nəfəs ala bilmişdi.
***
Media nümayəndələri hər böyük turnirdən əvvəl yığma komandalarının düşərgəsinin hazır olmadığı, ya da bərbad vəziyyətdə olduğu haqqında xəbərləri tirajlamağı sevirlər. Bu mövzuda ən absurd nümunə: İngilis tabloidi - "Daily Star" 2006-cı ildə Hitlerin kabusunun İngiltərə yığma komandasının qaldığı "Schlosshotel Bühlerhöhe"ni tez-tez ziyarət etdiyini yazmışdı. DÇ-2014 ərəfəsində Almaniyada Kampo Baiya haqqında yazılan neqativ xəbərlər (azından sayı baxımından) normadan belə çox idi. Bir çoxlarının iddiasının əksinə, federasiya yığma üçün xüsusi tətil düşərgəsi inşa etməmişdi. Komanda alman inşaat firmasının "Costa do Descobrimento"da inşa etdiyi təsisin ilk qonağı olacaqdı. Ancaq bu faktın ortaya çıxmasından sonra ictimaiyyət federasiyanın FIFA təsdiqli məkan əvəzinə, niyə Kampo Baiyanın seçildiyini sorğulamağa başlamışdı. Bununla yanaşı, mediada düşərgənin ağcaqanadların "işğalı altında" olduğu, düşərgəni tez-tez su basdığı yazılır, inşaatda çalışan işçilərin "ziyarətinə gələn" fahişələrin yerli sakinləri narahat etdiyinə dair xəbərlər tirajlanırdı.
Kampo Baiyada qalmaq Birxoffun fikri idi. Millinin meneceri bölgəni bir neçə dəfə gözdən keçirmiş, ilk səyahəti zamanı bəyəndiyi otellərdən birindən çox böyük olduğu üçün imtina etmişdi. Almaniya Futbol Federasiyası yığma oyunçularının beş ulduzlu, nəhəng oteldə bir-birləri ilə kifayət qədər vaxt keçirə bilməyəcəyindən qorxurdu. "Oyunçuların otelin död tərəfinə dağılışması komanda ruhuna mənfi şəkildə təsir edəcək" - Birxoff da eyni fikirdə idi. Sözügedən otelin əksinə, Kampo Baiya sakit kəndlərdən olan - Santo Andre yaxınlarında, yan-yana düzülmüş bunqalolardan (eyvanı olan birmərtəbəli bağ evləri) ibarət bir yer idi. Birxoff əlavə edir: "İnşaat layihəsinə baxanda öz-özümə buranın çox balaca ola biləcəyini düşünmüşdüm, ancaq komandanın psixoloqu Diter Hermann "Düşərgə nə qədər balaca olsa, o qədər yaxşıdı" deyərək məni razı saldı".
Menecer çempionatdan bir neçə ay sonra Kampo Baiya haqqında demişdi: "Mən xəyal qurmağı sevən biriyəm. Bərə ilə sahili saqqız ağacları ilə dolu olan çay boyunca irəliləyərək düşərgəni ilk dəfə görəndə gözümdə belə bir səhnə canlanmışdı: oyunçular Kampo Baiyanı görən kimi təəccüblərini gizlədə bilmir və bir-birilərindən buranın necə düşərgə olduğunu soruşurlar. Federasiya olaraq, fərqli bir şey yoxlamaq istəyirdik, ancaq bütün məsuliyyət mənim boynumda olacaqdı. Yəni hansısa problemlə üzləşsək, tək günahkar mən olacaqdım. Onsuz da, turnirin başlamasına iki həftə qalmış federasiya rəsmilərinin "Kampo Baiyaya görə Birxoff məsuliyyət daşıyır" dediklərini eşidirdim. Hansısa problemlə üzləşsək, karyeramın başa çatacağından əmin idim. Ancaq o ərəfədə tez-tez Klinsmannla birlikdə öhdəsindən gəldiyimiz çətinlikləri, çətin qərarlar qəbul edib, doğru bildiyimiz yoldan dönməməyimizin nə qədər önəmli olduğunu düşünürdüm. İçimdəki səs buranın çox doğru seçim olduğunu deyirdi".
ARDI VAR
Rafael Honiqştayn - "Das Reboot: How German Soccer Reinvented Itself and Conquered the World"
Hazırladı: Rüfət Məcid