UEFA-nın sabiq başqanı Mişel Platini PSJ – "Mançester Yunayted” oyunundakı (1:3) mübahisəli penalti epizoduna şərh verib.
Fanat.Az-ın məlumatına görə, Platini Fransada hər bazar nəşr edilən "Le Journal du Dimanche” qəzetinə açıqlamasında Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında baş verənləri dəyərləndirib.
O, belə deyib:
"Həmişə VAR-ın əleyhinə olmuşam. Uzun illər UEFA-da futbolu və oyunçuları qorumağa çalışmışam. Çərşənbə günü baş verənlər söylədiyimə əyani sübutdu. PSJ-nin oyunçusu dönən kimi top onun əlinə dəydi. Tam təsadüfən. Referi etməli olduğunu edərək, künc zərbəsini göstərdi. Amma ona videotəkrara baxmağı məsləhət etdilər. Top ələ toxunduğu üçün penalti verilirsə, oyunun ruhu sarsılır. Bu, gələcəkdə hücumçuların rəqib oyunçuların əlini nişan almasına apara bilər. Hakimlər özlərini qorumaqda maraqlıdırlar. Günahkar ədalət təmsilçilərinə bu məsləhətləri verənlərdi. Dörd nəfər bir arada videotəkrarı izləyir və hər şeydən çox əllə topun təmasını axtarırlar. Hər təmasa görə isə 11 metrlik cərimə zərbəsi təyin olunur. Məgər hər toxunuş penalti ilə sonuclanmalıdı? Mən VAR-a qarşıyam”.
Fanat.Az