Türkiyə Super Liqasında XXVIII turun oyunları keçirilir.
Fanat.Az-ın məlumatına görə, bu gün baş tutan 4 matçdan biri İstanbul derbisi olub.
Çempionluq arzusundan əl çəkməyən "Qalatasaray” əzəli rəqibi "Fənərbaxça” ilə qonaq qismində üz-üzə gəlib. Əlbəttə, bir gün öncəki matçda lider "Başakşəhər”in "Beşiktaş”a uduzması qonaqların derbidə zəfər arzusunu bir qədər də şirinləşdirmişdi. "Qalatasaray”ın 19 ildir səfərdə "Fənərbaxça”ya qalib gələ bilməməsi oyun ətrafında ajiotajı bir neçə dəfə artırmışdı.
Turnir cədvəlində adına yaraşmayan mövqedə qərar tutan "sarı bülbüllər"in "aslan"a hara gəldiyini xatırlatmağa çalışacağı da şübhə doğurmurdu. Bir hissə azlıqda - Hasan Ali Kaldırımsız oynayan meydan sahibləri "cim-bom"un qol-qanad açmasına imkan verməyib. Gərgin keçən matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Beləliklə, "Qalatasaray”ın rəqib meydanında qələbə həsrəti 20 ilə çatıb. "Aslan"ın zirvədəki "Başakşəhər"lə xal fərqi isə 5-di.
Türkiyə Super Liqası
XXIV tur
14 aprel
"Fənərbaxça” – "Qalatasaray” – 1:1
Elif Elmas, 71 – Onyekuru, 66
Fanat.Az