Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan) oyunu islandiyalı hakimlərə tapşırılıb.
Fanat.Az xəbər verir ki, matçın baş hakimi Holvardur Arnasonun bundan əvvəl təmsilçimizlə yolları kəsişib. Belə ki, 37 yaşlı referi Avropa Liqasının 2011/12 mövsümünün I təsnifat mərhləsində "Qarabağ"ın "Banqa" ilə səfər oyununu idarə edib.
2011-ci ilin 30 iyununda Litvada baş tutan qarşılaşmada təmsilçimiz 4:0 hesablı qələbə qazanıb. İsland referi Vüqar Nadirovun iki, Rəşad Sadiqov və Bəxtiyar Soltanovun bir qolunu qeydə alıb. Holvardur Arnason bu oyunda rəqib komandadan iki futbolçuya sarı vərəqə göstərib.
Qayd edək ki, "Qarabağ" "Banqa" ilə Bakıdakı cavab oyununda da böyük hesablı qələbə qazanıb - 3:0. Bu matçda qollara Rəşad Sadiqov, Admir Teli və Ansi Aqolli imza atıb.
Holvardur Arnason 2015-ci ilin 9 oktyabrında Avstriya və Azərbaycanın U-21 yığmaları arasında keçirilən Avropa çempionatının seçmə mərhələ oyununda 4-cü hakim funksiyasını yerinə yetirib. Bu görüşdə millimiz 0:7 hesabı ilə uduzub.
Fanat.Az