"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, A qrupunda mübarizə aparacaq Azərbaycan çempionunun rəqiblərindən biri də Lüksemburqun "Düdelanj" klubu olacaq.
Bu komanda "Qarabağ" üçün tanış rəqibdi. Belə ki, Ağdam klubu 2016/17 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Düdelanj"la qarşılaşıb. Bakıda 2:0 hesablı qələbə qazanan "Qarabağ" səfərdə heç-heçə oynayaraq (1:1) mərhələ adlayıb.
"Düdelanj" klubu 1991-ci ildə yaradılıb. Eyniadlı şəhəri təmsil edən komanda ev oyunlarını 2558 nəfərlik "Stade Jos Nosbaum" stadionunda keçirir. "Qarabağ"ın rəqibinə belçikalı mütəxəssis Emilio Ferrera başçılıq edir.
"Düdelanj" indiyədək 15 dəfə Lüksemburq çempionatının, 8 dəfə ölkə kubokunun qalibi olub. Avrokuboklarda 70 oyun keçirən komanda 15 qələbə qazanıb, 12 heç-heçə edib, 43 dəfə uduzub (Top fərqi - 75:144).
Komanda ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu komanda cari mövsümdə "pley-off" mərhələsində Ermənistanın "Ararat" klubunu məğlub edib.
Qeyd edək ki, A qrupunda həmçinin "Sevilya" (İspaniya) və APOEL (Cənubi Kipr) da mübarizə aparacaq.
Fanat.Az