10:03 28.09.2019 3313

Nə hörmət qazana bildi, nə də azarkeş sevgisi

İlqar Tağıyev
 
"Neftçi"nin baş məşqçisi Roberto Bordinin adı çəkiləndə nədənsə yadıma Borodino döyüşü düşür. Doğrudan da Bordinlə Borodinonun səslənişində və yazılışında oxşarlıq var. 209 il əvvəl Borodino çölündə fransızlarla ruslar arasında olan döyüşlə futbol mütəxəssisinin nə əlaqəsi? Tarixdə baş verən bütün hadisələr və insanlar arasında zərrə qədər də olsa oxşarlıq tapmaq mümkündür...

Ötən ilin əvvəlində "Neftçi"nin rəhbərliyində dəyişiklik oldu. Əvvəl Kamran Quliyev kluba prezident təyin olundu. Bir qədər sonra isə Quliyevlə "Sumqayıt"da çiyin-çiyinə çalışmış Ceyhun Sultanova klubun idman direktoru vəzifəsi həvalə olundu. Yeni rəhbərlikdən gözləntilər çox idi. Klubun daha da peşəkarlaşması, struktur islahatlar, itirilən azarkeş sevgisinin qaytarılması, düzgün transferlər və ən əsası çempionluq... Yeni rəhbərliyin məqsədi də məhz bunlar idi. Həqiqətən, geridə qalan ilyarıma nəzər salsaq, klubda xeyli iş görüldü, komanda və kollektiv yeniləndi, azarkeşlər də yavaş-yavaş tribunaları doldurmağa başladılar. Qalırdı tək çempionluq, bunun üçün zaman lazım idi. Bu yöndə atılan ilk addımlardan biri komandaya əcnəbi məşqçinin gətirilməsi oldu. Roberto Bordin. Liviya əsilli italiyalı baş məşqçinin dosyesinə nəzər saldıqda, ilk baxışdan seçim doğru görünürdü. Amma Avroliqada yaşanan "Uypeşt" fiaskosu Bordinin bacarığına şübhələr yaratmağa başladı. Üstəlik, ölkənin 1 nömrəli komandası "Qarabağ"ın əlindən çempionluq marafonunu almaq o qədər də asan deyildi. Hər halda, bir oyundakı uğursuzluq hansısa məşqçinin bacarığını əsla şübhə altına salmamalıdı. "Neftçi" rəhbərliyi də belə etdi və yeni məşqçi ilə yola çıxdı.

Ötən mövsümə nəzər salsaq, "Neftçi" həqiqətən çempionata maraq, rəng qatdı. Düşünmək olardı ki, ilk mövsümündə çempionluğu "Qarabağ"dan ala bilməyən Bordin bu il "Neftçi"ni ağ günə çıxaracaq. Bunun üçün rəhbərlik Bordinə lazım olan futbolçuları transfer etdi. Bu gün Premyer Liqa klublarının transferlərinə nəzər salsaq, "Qarabağ"dan sonra ən səviyyəli əcnəbilər "Neftçi"dədir. Voyislav Stankoviç, Baqali Dabo, Stiven Monroz, Yevangelos Platellas, Dario, Mamadu Mbodj, Donald Gerye... Yerli futbolçular da Azərbaycan reallığında xüsusi çəkiyə malikdilər. Emin Mahmudov, Səlahət Ağayev, Namiq Ələsgərov, Rəhman Hacıyev, Rauf Əliyev... Belə "orkestr"ə bacarıqlı maestro lazımdır ki, ortaya normal "simfoniya" çıxarsın. Təəssüf ki, zamanla sübut olundu ki, "Neftçi"nin "maestro"su bacarıqlı deyil. İlk 5 turda yığılan 5 xal və ya itirilən 9 xal, Avroliqada "Bney Yehuda" səddində ilişmə bunu deməyə əsas verir. Təkcə futbol meydanındakı uğursuzluqlarmı?

"Neftçi"nin indiki durumda olmasının bir neçə səbəbi var. Onlardan birincisi Bordinin komandada hörmətinin az olmasıdı. 1-ci turda "Sabah"la oyundan əvvəl adının siyahıya salınmadığı bilən Baqali Dabonun baş məşqçiyə etirazı, daha sonra azarkeşlərə ünvanladığı təhqiredici ifadə, 3-cü turda "Sumqayıt"la oyunun son dəqiqələrində vurulan qələbə topundan sonra Anton Krivotsyukun aranı qatması... Siyahını uzatmaq olar. Sonuncu olay elə axırıncı tura təsadüf etdi. "Keşlə" ilə matçın 35-ci dəqiqəsində Donald Geryenin ikinci sarı vərəqə ilə meydandan qovulmasından sonra (bu da intizamsızlığın bir formasıdı) baş məşqçi məcburi əvəzetməyə əl atdı və Dario Federikonu oyundan aldı. Bundan əsəbiləşən Dario əl-qol hərəkətləri ilə deyinə-deyinə meydandı tərk etdi. Təsəvvür edək ki, "Qarabağ" oyunların birinin lap əvvəlində azlıqda qalır və Qurban Qurbanov futbolçulardan kimisə məcburən əvəzləyir. Bundan qeyzlənən həmin futbolçu əl-qol hərəkətləri ilə məşqçinin qərarına etiraz edir. Mümkün deyil! Çünki "Qarabağ"da hamı Qurbanova və onun qərarlarına hörmətlə yanaşır. Demək ki, intizam var. İntizam isə uğur qazanmaq üçün vacib amillərdən biridir. Təəssüf ki, "Neftçi"də bunu görmürük.

Bordinin özü də aydan arı, sudan duru deyil. Qalmaqala meylli, uğursuzluğu başqalarının üzərinə atmağı sevən birisidir. "Bney Yehuda" ilə cavab oyunundan sonra rəqibin baş məşqçisi Yezef Abuksislə meydanın mərkəzində yersiz dilləşmə buna sübutdur. Daha yaddaqalan bir qalmaqal ötən mövsümün gedişində "Zirə"nin baş məşqçisi Samir Abasovla olmuş və italiyalı buna görə meydandan qovulmuşdu. Bordinin timsalında hakim qərarlarına çılğıncasına etiraz etməyi hər oyunda görmək mümkündü. Baş məşqçi hərəkətləri ilə futbolçulara nümunə olmalıdı. Futbolçu özünü apara bilməyən birisindən hansı örnəyi götürə bilər?

İtaliyalının əleyhinə olan amillərdən biri də azarkeşlərin ondan küskün düşməsidi. Ardıcıl uğursuzluqlar komandanın ən böyük azarkeş qrupudan olan "Forza Neftçi"ni dilə gətirdi. Daha bir neqativ hal baş məşqçinin zaman-zaman taktiki səhvlər buraxması və ən əsası yerli futbolçulara güvənməməsidi. Bordinin gəlişinə kimi komandanın əsas heyətində yer alan Namiq Ələsgərov, Rəhman Hacıyev, qısa zamanda özündən söz etdirməyi bacaran gənc Ömər Buludov daha çox ehtiyatda qalırlar. Eyni sözlər bəzi legionerlərə də aiddi. Ötən mövsüm əsas heyətdə özünü sübut edən Mamadu Mbodj bu mövsüm bir oyunda da meydana çıxmayıb. Təbii ki, bunlar komandada daxilində narazılıq yaranmasına səbəb olur.

Qısası, Bordin "Neftçi"də olduğu müddətdə nə futbolçular arasında düz-əməlli hörmət sahibi oldu, nə də azarkeşlərin sevgisini qazandı. Üstəlik, rəhbərliyin ona olan ümidlərini də heçə endirdi. Çempionluq üçün mübarizəyə başlayan komanda 6-cı pillədə qararlaşıb. 5 turda lider "Qarabağ"dan 10 xal geridə qalmaq əsl faciədi. Hansısa fors-major hadisə baş verməsə, "Qarabağ" bu il də çempion olacaq. "Neftçi"nin isə bu gedişlə Avroliqaya düşməmək qorxusu var. İndiki halda...

Tarixdə bütün hadisələr və insanlar arasında bir oxşarlıq tapmaq mümkündü. 1812-ci ildə Fransa imperatoru Napoleon Bonapart Rusiyanı işğal etmək üçün yürüşə çıxmışdı. Ruslarla ilk böyük qarşıdurma həmin ilin 7 sentyabrında Borodino kəndi yaxınlığında baş vermişdi. 12 saatlıq ağır döyüşlərdən sonra qalib gələn olmasa da, Rusiyaya böyük ümidlərlə hücum etmiş Napoleon anlamışdı ki, müharibədə uduzan tərəf o olacaq. Fransız imperator hiyləgərlik edərək bir neçə dəfə Rusiya çarı Aleksandra elçi göndərərək sülh sazişi imzalamağı təklif etmişdi. Təbii ki, öz şərtləri ilə. Aleksandrdan cavab çıxmamışdı. Müharibədə məğlub olacağını anlayan Napoleon üçün ən yaxşı variant işğal planından əl çəkmək idi. Lakin hikkəsi buna imkan verməmiş və sona kimi getmişdi. Nəticəsi hamıya məlumdu. Bəzi tarixçilər Napoleonun məğlubiyyətinin səbəblərini soyuq hava ilə əlaqələndirirlər. Əslində isə qüdrətli Napoleon ordusunun məğlub olmasına ordudakı intizamsızlıq, döyüşçülər arasında ayrı-seçkilik və aclıq səbəb olmuşdu. Hətta orduda hannibalizm hallarının baş verdiyini sübut edən faktlar mövcuddu.

Çempionluğu hədəfləyən Bordin də artıq məğlub olduğunu yaxşı bilir. Amma hikkəsi bunu qəbul etməsinə mane olur. Güman ki, baş məşqçi mövsümün sonuna kimi komandada qalmaq, başqa sözlə, müharibəni sona kimi aparmaq istəyir. Napoleona "dur" deyən yox idi. Bəs Bordinə?

Qayıdaq "indiki hala". Bordin "Neftçi"dən 2 halda gedə bilər. Ya məşqçi özü istefa verməli və müqaviləsinin sonuna kimi ona çatacaq məbləğdən imtina etməlidi. Bu, o qədər də inandırıcı görünmür. Bayaq qeyd etdiyim kimi, eqosu var. Üstəlik, çempionluq, uğur olmasa belə müqavilədə nəzərdə tutulan pulu qəpiyinə kimi alacaq. Ya da srağagün toplantı keçirən və Bordindən uğursuz nəticələrə görə hesabat tələb edən Müşahidə Şurası onu istefaya göndərməlidi. Bu halda təbii ki, baş məşqçiyə təzminat ödəniləcək. İndiyə kimi görülən işlərin, rəhbərlik tərəfindən edilən transferlərin fonunda ziyanın yarısından da qayıtmaq xeyirdi. Çempionluğun olmayacağı dəqiqdi. Heç olmasa, intizamı, özünəinamı, azarkeş sevgisini qaytarmaq olar, gələn mövsüm üçün hazırlıqlara indidən start verilər. Bu gün "Neftçi"nin "Qəbələ" ilə oyunda qalib gəlməsi də vəziyyəti dəyişməyəcək. Müharibədə məğlub olacaqsansa, döyüşdə qalib gəlməyin nə mənası?

"525-ci qəzet"
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:41

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X