"Fənərbaxça”nın almaniyalı futbolçusu Maks Kruzenin Türkiyə Super Liqasının VI turunda "Qalatasaray”la səfər matçında Türkiyənin dövlət himnini oxuması birmənalı qarşılanmayıb.
Fanat.Az xəbər verir ki, "Beyaz TV"də yayımlanan "Beyaz Futbol Proqramı" verilişində şərhçi Sinan Engin Kruzeyə istiqlal marşını Acun Ilıcalının öyrətdiyini deyib. Digər şərhçi Ahmet Çakar isə Almaniya millisinin sabiq üzvünün bu hərəkətini hokkabazlıq adlandırıb.
Canlı yayıma qoşulan Türkiyənin məşhur aparıcısı, TV8-in sahibi Acun Ilıcalı isə buna sərt şəkilə etiraz edib: "Maks Kruze 30 dəfə Almaniya millisində oynamış futbolçudu, şouya ehtiyacı yoxdu. Almaniyada bizim vətəndaşları sevib, demək ki, biz sevdirmişik. Hər yerdə irqçilik var. Türkiyədə qaradərili oyunçuları çox sevirik. Demək ki, bizim belə bir xüsusiyyətimiz var. Azərbaycanda oynasam, oranın himnini oxuyaram. Biri çıxıb mənə şarlatan desə, bütün həvəsim qırılar, özümü sorğu-sual edərəm. Baxıram ki, hər kəs xoşbəxtdi. Bu adam sabah, birisigün Almaniyaya gedəcək və Türkiyədən bəhs edəcək. Bir alman getdiyi zaman "məni nə qədər gözəl qucaqladılar” - desə, yaxşı deyilmi?”