Fəxr edirəm ki, mənə məxsus olan dünya rekordu hələ də davam edir. Məncə, bununla bütün İran xalqı qürur duyur. Onlar karyeramda nail olduqlarıma görə sevinirlər. Faktiki olaraq rekord mənə yox, bütün xalqıma məxsusdur.
İran millisinin sabiq kapitanı Əli Dayi məşhur İtaliya dərgisi "La Gazzetta dello Sport”a müsahibə verib.
Fanat.Az xəbər verir ki, italiyalı həmkarlarımız Ərdəbildən olan azərbaycanlı veteran futbolçuya Kriştiano Ronaldonun karyerasında 700-cü qolu vurması ilə bağlı müraciət edib.
Qeyd edək ki, Ronaldo futbol tarixində 700-dən artıq qol vuran 6-cı futbolçu olub. O, Portuqaliya millisinin heyətində 95 qol vurub və bu göstəricidə ikincidi. İlk pillədə isə Əli Dayi qərarlaşıb. Azərbaycanlı futbolçu İran millisində çıxış etdiyi 1993-2006-cı illər ərzində 149 matçda 109 qola imza atıb.
Ronaldonu çox bəyəndiyini deyən Əli Dayi portuqaliyalı ulduzun onun rekordunu qırmasına görə məyus olmayacağını bildirib: "Ronaldo məni keçsə, məyus olmayacağam. Çünki rekordlar qırılmaq üçündür. Bu tez və ya daha gec baş verəcək. Xoşbəxtəm ki, belə böyük bir oyunçu məni keçəcək. Ondan və onun meydanda etdiklərindən çox xoşum gəlir. Ronaldo hələ də yüksək formasındadı. Hər zaman onu "Top-3” futbolçusu hesab edirəm. Ona yalnız ən yaxşı şeylər arzulaya bilərəm. Lionel Argentina yığması ilə uğursuzluğa düçar olduğu halda, Ronaldo öz ölkəsi ilə son vaxtlar uğur qazanmaqdadı. Bu səbəbdən düşünürəm ki, o mənim rekordumu qıracaq. Çempionlar Liqasının qalibi olmaq, böyük ehtimalla, milli komandada qol rekordu qırmaqdan daha çətindi. Orda eyni ambisiyalı çoxlu böyük klublar var. Ancaq "Yuventus” Kriştiano ilə bunu etməyə çox şansı olan klublardan biridi".
Fanat.Az