21:00 26.10.2019 5541

180 nəfəri dolandıran 9 uşaq atası: “Arvadımdan çox onunla yatmışam” - FOTOLAR

"Onun sol ayağı sanki poladdan idi. Tanrıya şükürlər olsun ki, yerinə yetirdiyi cərimə zərbələri zamanı heç vaxt canlı səddə dayanmamışam. Belə məqamlarda həmişə kənara çəkilirdim. Çünki güclü zərbəsindən sonra top kiminsə başına dəysəydi, həmin adam həyati təhlükə yaşaya bilərdi”. Bu sözləri Hollandiya yığmasının, eləcə də "Mançester Yunayted” və "Milan” kimi klubların sabiq müdafiəçisi Yap Stam onun barəsində deyib.

Zarafat deyil! Zəhmli görünüşü ilə hücumçuların gözünün odunu alan nəhəng Stam bəstəboy solaxaydan çəkinirmiş... Söhbət "futbol fabriki” Braziliyadan çıxmış, 11 il Madrid "Real”ının şərəfini qorumuş, dünya çempionu Roberto Karlosdan gedir.

Əksər braziliyalılar kimi, o da futbola uşaqlıqdan aşiq olub, topla ilk tanışlığı 3 yaşına təsadüf edib. Bir müddət sonra atası anlayıb ki, oğlunun "qab”ında nəsə var. Bununla belə, valideynləri onun gələcəkdə böyük futbolçu olacağını ağıllarına belə, gətirmirdilər...

"12 yaşımda tabut düzəldilən sexdə işləyirdim”

Kasıb ailədə dünyaya göz açıb Karlos. Atası əvvəlcə kofe plantasiyasında sürücü, sonra fabrikdə işləyib. Evdar xanım olan anası isə gününü 4 uşağına baxmaqla keçirib. 3 bacının tək qardaşı olsa da, üzərində əsməyiblər Robertonun. Əksinə, uşaq yaşlarından bərkə-boşa düşüb, ailəsinə kömək edib. "Elə olurdu ki, axşam yeməyə bir şey tapmırdıq. Çox vaxt bu halla üzləşməmək üçün günorta yeməyinin bir hissəsini axşama saxlayırdıq. 12 yaşımda atamın yanında, sexdə işləyirdim, özü də tabut düzəldilən sexdə. Uşaq olmağıma rəğmən, qorxmurdum, sıxılmırdım. Mənə xoş idi, çünki atamın yanındaydım. Hüznlü, amma eyni zamanda əyləncəli uşaqlıq yaşamışam. Həyatım haqda film çəkilsəydi, insanlar baxıb həm ağlayar, həm də gülərdilər”, - həmin günləri belə təsvir edir Karlos.

Atası ona mahnılarını sevə-sevə dinlədiyi, braziliyalı müğənni Roberto Karlos Braqanın adını qoymuşdu. Gün gələcəkdi, oğlu məşhurluğuna görə heç də həmin musiqiçidən geri qalmayacaq, əksinə bütün dünyada tanınacaqdı. Buna qədər isə bütün çətinliklərdən keçməli, həyatın sərt üzünü görməliydi...

"Sanki mənə sehrli çubuq dəydi və həyatım dəyişdi”

Karlosun 8 yaşı olanda ailəsi Kordeyropolisə köçməyə qərar verir və beləcə oğullarını yaxın gələcəkdə böyük futbola aparacaq yolun izinə düşürlər. Axı məhz Kordeyropolisdə Robertonun oyununu görüb onu peşəkar kluba dəvət edəcəkdilər. Vaxt gəlir, vədə yetişir, şəhər komandasının heyətində özünü yaxşı tərəfdən göstərən solaxayı "Unian San-Juan” klubu heyətinə qatır. 1988-ci ildə ilk peşəkar müqaviləsini imzalayan 15 yaşlı Karlosun bir arzusu var idi - valideynlərinə yeni ev almaq: "Heç vaxt zəngin, məşhur olmaq arzusu ilə yaşamamışam. Sadəcə olaraq, ailəmizi xoşbəxt etmək, sevindirmək
istəyirdim. Ən böyük əyləncəm futbol idi. Evə tərin içində, üst-başım batmış halda qayıdardım. 13 yaşımdan sonra bütün həyatım dəyişdi. Sanki mənə sehrli çubuq dəydi. Anam o günləri yada salanda deyir ki, birdən-birə oğlumun həyatı işıqlandı və Tanrı ona "qulum, irəli get” dedi. Anam Tanrı tərəfindən seçilmiş olduğumu düşünür. Təbii ki, istedadlı idim, üzərimdə çox çalışırdım. Amma uğur qazanmaq üçün bunlar bəs etmir, gərək şansın da olsun. Doğru zamanda doğru insanlarla tanış olmaq çox önəmlidir. Bu mənada, mənim də şansım gətirdi. Yaşadığım çətinliklər, əzablar məni qamçılaya-qamçılaya dəmir kimi etdi. Bəlkə də uşaqlığım yaxşı keçsəydi, bu qədər istəkli, əzmli olmazdım”.

Özünün də dediyi kimi, həyat artıq onun üzünə gülməyə başlamışdı. Qarşısına məqsəd qoyan Roberto 1992-ci ildə valideynlərinə yeni ev alır. Bu hərəkəti atası Oskar Silvanı çox sevindirir.

1993-cü ildə "Palmeyras”a, 2 il sonra isə İtaliya "İnter”inə keçən Roberto Karlosun həyatında 1996-cı ildə yeni səhifə açılır: 11 il formasını geyinəcəyi Madrid "Real”ı onunla müqavilə imzalayır. Klub karyerasındakı ən böyük uğurlarını da məhz "qalaktikos”da qazanır Karlos...

"Tanrıya dua edirdim ki...”

""Real”a keçəndən sonra həyatım tamamilə dəyişdi. Dünyanın ən güclü futbolçuları ilə komanda yoldaşı olmaq möhtəşəm hiss idi. Ev oyunlarından sonra bizi şəxsi təyyarələrimiz gözləyirdi. Madrid aeroportunun qapalı terminalında görüşürdük. Bekhem bir tərəfə, Fiqu və Zidan başqa səmtə, Ronaldo və mən isə ayrı istiqamətə uçurduq. Növbəti gün komanda ilə birgə məşqə çıxmalıydıq, amma buna görə narahat deyildik. Həmişə Tanrıya dua edirdim ki, "Real”ın oyunları 6-cı gün olsun. Çünki belə olanda şəxsi təyyarəmlə uçub bazar günü "Formula-1” yarışlarını izləyə bilirdim. Özümü heç vaxt digər insanlardan üstün saymamışam. Düzdür, yaxşı futbolçu idim, amma nə olsun? Mən ancaq meydanda ulduz Roberto Karlos idim, ondan kənarda isə sadə, həmişəki adamıydım. Devid Bekhem isə fərqli idi. O, meydanda olduğu kimi, ondan kənarda da əsl ulduz kimi davranırdı”, - Karlos "kral klubu”ndakı günlərini belə xatırlayır.

Futbolçular arasında ən yaxın dostu Ronaldo olub Karlosun. Braziliya yığması, "Real” və "Korintians”da komanda yoldaşı olmuş bu cütlük futbolçu karyerasını bitirdikdən sonra da dostluğu davam etdirir: "Ronaldonu 1993-cü ildə tanımışam. O vaxtdan həm milli, həm də birgə oynadığımız klublarda həmişə eyni otaqda qalmışıq. Arvadımdan çox Ronaldo ilə bir yerdə yatmışam”.

"Kiməsə "get, abort etdir” deyə bilmərəm”

Yeri gəlmişkən, Roberto Karlos iki dəfə ailə həyatı qurub. İlk xanımı Alexandra Pineyro onun üçün 2 qız, 1 oğlan övladı dünyaya gətirib. Əvvəlcə hər şey yolunda getsə də, bir müddət sonra ayrılıblar. 2009-cu ildə isə Karlos yenidən evlənib, bu dəfə braziliyalı model Mariana Lukkonla. İkinci evliliyindən 2 qızı olan keçmiş futbolçunun daha 4 övladı - 3 oğlu, 1 qızı isə nikahdankənar dünyaya gəlib. Ümumilikdə 9 uşaq - 5 qız, 4 oğul atası olan Roberto Karlos övladları arasında fərq qoymur, hər birinin problemi ilə yaxından maraqlanır: "Ailəmə, bütün övladlarıma, qohumlarıma, bir sözlə, 180 nəfərə baxıram. Ola bilər ki, sayı bir az çox dedim, amma təxminən o qədərdir. Bəzən məndən soruşurlar ki, nikahdankənar dünyaya gələn övladlarınızı qəbul etmək məcburiyyətindəsiniz? Əlbəttə! Başqa çarəmmi var? Mən həmişə aborta qarşı olmuşam. Çünki abort can almaq, bir insanı öldürmək deməkdir. Bu, dində də günahdır. Mən abortu heç vaxt qəbul edə, kiməsə "get, abort etdir” deyə bilmərəm. Amma nikahdankənar doğulan uşaqlarımın, həqiqətən, mənə aid olub-olmadığını öyrənmək üçün DNT testi etdirmişəm. İstəmişəm ki, əmin olum. Hər bir övladımın ehtiyaclarını artıqlaması ilə qarşılayıram. Belə də olmalıdır. Braziliyadakı evimə gedəndə hamısını bir yerə yığıram, əyləncəli anlar yaşayırıq. Uşaqların adlarını səhv salmasam da, doğum günlərini qarışdırıram”.

Çoxuşaqlı ata statusunu daşıyan Roberto Karlos 44 yaşında baba olmağın da sevincini yaşayıb. 2017-ci ildə böyük qızının oğlu dünyaya gəlib.

"Demişdi ki, səndən heç vaxt futbolçu olmayacaq”

"Bütün dinlər eyni mesajı verir və eyni varlığa işarədir: Tanrı təkdir! Mən də ona inanıram” deyən Karlos artıq neçə ildir ki, xeyriyyəçiliklə də məşğuldur. San-Pauloda ciddi problemli uşaqların müalicə olunduğu dövlət xəstəxanasına tez-tez maddi yardım edir. Müalicə prosesinin daha effektiv olması üçün xəstəxanaya yeni tibbi avadanlıqlar, müasir aparatlar alıb. "Anji”də oynadığı vaxt Rusiyada "Həyat bəxş et” fonduna pul köçürüb. Braziliyada açdığı məktəblərdə uşaqlar pul ödəmədən futbolun sirlərini öyrənirlər. Karlos bunları özünə mənəvi borc bilir: "Övladlarımın xoşbəxt olduğunu görəndə çətin keçən uşaqlıq illərim yadıma düşür. Və anlayıram ki, təkcə onlar üçün deyil, ehtiyacı olan bütün uşaqlar üçün nəsə etməliyəm. Biz braziliyalılar kasıb millətik. Ölkəmizdə insanların təhlükəsizliyi belə, lazımi səviyyədə deyil. Saysız-hesabsız problemlərimiz var. Onlara sinə gəlmək üçün isə həmişə gülürük, samba rəqsi oynayırıq. Mən də heç nəyə, hətta boyumun qısa olmasına görə də kompleks yaşamamışam. Yaxşı yadımdadır, uşaq vaxtı məşqçim mənə demişdi ki, səndən heç vaxt futbolçu olmayacaq, çünki boyun balacadır. Nəticə bəllidir!”.

Bir dəfə jurnalistlərdən biri Roberto Karlosdan soruşur: "Niyə dünyanın ən gözəl qadınları və ən güclü futbolçuları Braziliyadan çıxır?”
Karlosun yarı zarafat, yarı ciddi cavabı isə belə olur: "Kim bilir, bəlkə də Tanrı braziliyalıdır. Ən yaxşı futbolçuların bizdən çıxdığı doğrudur. Amma ən gözəl qadınların ancaq Braziliyadan çıxması fikri ilə razılaşmıram. Dünyanın hər yerində gözəl qadınlar var. Gəlin, onlara haqsızlıq etməyək”.

Mənbə: Lent.az
 















Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X