"Napoli"nin baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 4-cü turu çərçivəsində "Zaltsburq"la oynanılan matçdan (1:1) sonra mətbuat konfransında iştirak etməyib.
Futbolçular da mətbuata açıqlama verməkdən imtina ediblər. Heyət üzvlərinin baza əvəzinə, birbaşa evlərinə qayıtdıqları bildirilir.
"Football Italia"nın məlumatına görə, oyunçuların mətbuatdan "qaçması" və klub avtobusuna minməkdən imtina etməsi prezident Aurelio De Laurentisin qərarına etiraz xarakteri daşıyır. Futbolçular "Cenoa" ilə matçın hazırlıqları üçün bazaya qayıtmaq niyyətində deyillər. Karlo Ançelotti də onlara dəstək verir. Klub məsələ ilə bağlı hələlik açıqlama yaymayıb.
Məsələ ilə bağlı UEFA-nın "Napoli"ni cəzalandıracağı gözlənilir.
Qeyd edək ki, ötən həftə Aurelio De Laurentis heyət üzvlərinin bazadan çıxmamasına dair qərar qəbul etmişdi.
Fanat.az