Bu yaxınlarda Qalatasaray prezidenti Mustafa Cengizdən ona baş çəkmədiyinə görə şikayətlənən veteran futbolçu İlyas Tüfəkçi bu dəfə yaxın dostu, "Qalatasaray” baş məşqçisi Fatih Terim haqda sərt sözlər işlədib.
Fanat.Az xəbər verir ki, sosial media hesabından paylaşım edən əfsanə futbolçu Terimdən söz verdiği yardımı ala bilmədiyini qeyd edib.
O, paylaşımında bu sözləri yazıb:
"İnsan və kişi olmağı bacarmadıqdan sonra... 8 dəfə çempion olmaq, qazanılan bütün kuboklar nəyə yarar... Qaşı-gözü oynayan adamdan nə gözləmək olardı ki... Ölümlə çarpışdığım vaxt sizə 2008-ci ildə başıma gələn bir hadisəni yazıram...
Anama qaraciyər nəqli olmuş, üstəlik döş xərçəngi var idi. Atam alzeymer xəstəliyindən əziyyət çəkir, mən isə onlara qulluq edirdim... Məşqçilik üçün İstanbuldan kənara gedə bilmirdim. O vaxt millidə 40 ildən bəri tanıdığım tək səlahiyyətli olan Fatih Terimin yanına getdim, vəziyyəti izah etdim. Müfit Erkasap da yanımızdaydı... O mənə "Narahat olma, üç günə həll edərəm", dedi... 2 həftə keçdi. Nə xəbər vardı, nə də telefonlarma cavab verirdilər... Bax, budur sizin imperatorunuzun xasiyyəti... Lənətə gəlsin belə adamları...”
Qeyd edək ki, ALS xəstəliyindən (Yan amiotrofik skleroz) əziyyət çəkən İlyas Tüfekçi futbolçu karyerası ərzində Almaniyanın "Ştuttqart" (1979-1981), "Şalke" (1981-1983), Türkiyənin "Fənərbaxça" (1983-1986), "Qalatasaray" (1986-1990) və "Zeytinburnuspor" (1990-1991) klublarında oynayıb. O, 1981-1987-ci illərədə çıxış etdiyi milli komandada 19 oyun keçirərək 6 qol vurub. 1994-cü ildə məşqçiliyə başlayan 59 yaşlı sabiq futbolçu indiyədək Türkiyənin bir çox klublarını çalışdırıb.
Fanat.Az