Rumıniya “Petrolul”unda legioner həyatı yaşayan Elhad Nəziri son aylarda gündəmdə olan əsas futbolçulardandır. Yox, o fantastik uğurlar qazanmayıb. Sadəcə, adı ətrafında hallanan “lipa” söhbəti, hazırkı klubunda meydana çıxmaq şansı qazanmaması onu diqqət mərkəzində saxlamağa məcbur edir. Rumıniyada mövsüm bitdiyindən Bakıya qayıdan Elhadla görüşmək qərarına gəldik. İdman24.az Rekord.az-a istinadən futbolçunun müsahibəsini təqdim edir:
- Millinin son oyununa çağırılmamağınla bağlı bir çox sözlər deyildi. Foqtsla münasibətin korlanıb?
- Heç bir problem yoxdu. Sadəcə, yenə deyirəm, bu baş məşqçinin seçimidi. Lüksemburqla oyuna kim lazımdısa, onu da çağırıb. Baş məşqçi hamıdan yaxşı bilir ki, yığmaya kimi çağırmaq lazımdı.
- Milli Lüksemburla heç-heçə oynadı və yəqin ki, sən də oyuna baxdın. Qələbə üçün meydanda nə çatmırdı?
- Sözün açığı deyim, bu tsikldə ən yaxşı oyunumuzu oynadıq. Həm əla top saxladıq, daim hücumda oynadıq. Bəlkə iki qol vursaydıq, inanmıram ki, sonradan Lüksemburq bizə 3 qol vurub, məğlub edərdi. Ən azından qələbə ilə bitirərdik. Oyunda bu qədər əlimizə imkan düşdü, heç vaxt belə imkanlar ələ düşmür. Oyunun son dəqiqələrində Lüksemburqun da imkanı oldu, bəlkə həmin epizodda qol vursaydılar, məğlub da ola bilərdik.
- Rumıniyaya nə vaxt gedirsən?
- İyunun 20-də.
- Mətbuat Elhad Nəzirinin “Petrolul”dan qovulduğunu yazır. Bəs özün nə deyirsən?
- Mən də bunu mətbuatdan oxumuşam. Bu barədə yetərincə məlumat vermişəm: “Petrolul”dan nə qovulmuşam, nə də çıxarılmışam. O klubla 3 illik müqaviləm var, ayın 20-də qayıdıb qarşıdakı mövsümə hazırlaşacam. Kim nə yazıbsa, hamısına hörmətlə yanaşıram.
- Bu barədə sənə klubdan heç bir zəng və ya məlumat verilməyib.
- Xeyr. Özümə və menecerimə heç nə deyilməyib.
- Bəs Kosmin Kontranın səni oynatmamağının səbəbi nədi?
- Əsas səbəb odu ki, mənə gənc futbolçu kimi bu mövsüm uyğunlaşmaq üçün şans verildi…
- Gənc dedin, amma hamı sənin lipa olduğunu yazır…
- Bu söz-söhbətlər yayılıb artıq və kim tərəfindən yayıldığı da bilinir. Əllərində hər hansı bir fakt varsa, buyursunlar. Bunu demək istəyirəm ki, mən Azərbaycan övladıyam, gedib bayrağımızı xaricə qaldırıramsa və ölkəmizi təmsil edirəmsə, mənə dəstək olunmalıdı. Bu qədər mənim üstümə düşmələrini anlamıram.
- Bəlkə bilmədiyimiz bir səbəb var?
- Onu bilirəm ki, məni istəyənlərdən çox istəməyənlər var. İstər futbolçular, istərsə də mətbuat arasında. Bunun şahidi bir daha oldum. Bir insan qabağa gedirsə, niyə bunu istəmirlər? Tutaq ki, orda bu söhbətə görə mənə problem yaratdılar və mənim karyeram alt-üst oldu. Nə qazanacaqlar bundan?
- “Lipa” söhbətinə görə deyəsən, Rumıniyada problem yaranmışdı…
- Problem yox, böyük qalmaqal yarandı. Bütün Rumıniya mətbuatı məndən yazdı. Hətta bütün manşetlərdə yazmışdılar ki, “Azərbaycan millisinin futbolçusu saxtalaşdırılıb”. Sonra mən və klubun mətbuat işçisi mətbuat konfransı etdik, orda hər şey deyildi və söhbət bağlandı.
- Artıq Rumıniyada bu söhbət bağlanıb?
- Bəli. Hətta baş məşqçimiz Kontra da bu barədə müsahibə verib. Belə şeylərlə məni ruhdan sala bilməyəcəklər. Onlar hələ əksinə mənə həvəs verirlər. Moldovada oynadım, şükürlər olsun ki, Rumıniyaya getdim, nəticələr əldə etdim.
- Dedin ki, Rumıniyada bu söhbət bağlanıb. Amma Azərbaycanda bağlanmayıb axı. Millinin futbolçusu kimi bu barədə AFFA rəhbərliyi və ya kimlərləsə görüşmüsən?
- Görüşüm olmayıb. Aldığım məlumata görə, bunu “apasport” saytında İxtiyar adlı bir jurnalist yazıb. Mən onun yazdığına hörmət edirəm, jurnalistdi və öz işini görür. Gedib ona deyəsi deyiləm ki, niyə yazmısan və ya mənim haqda heç nə yazma. Jurnalist kimi o, öz işini görür. Mən bütün jurnalistlərlə münasibət saxlayıram və heç biri deyə bilməz ki, mən onlara qarşı hörmətsizlik etmişəm. Həmişə bütün verdikləri sualları cavablandırmışam, çünki bizi ictimaiyyətə təqdim edən siz jurnalistlərsiz. Amma bilmirəm ki, bu barədə nə vaxtda kimi yazacaqlar. Nə pislik etmişəm onlara? Hansı saytda müsahibə verirəm, “apasport” elə bilir ki, onlara qarşı nəsə deyirəm. Belə deyil. Mənim onlarla heç bir problemim yoxdu və olmayıb da. Bundan sonra olası da deyil. Elə bu müsahibə vasitəsi ilə onu yazanlara öz təşəkkürümü bildirirəm. Qoy yazsınlar, onlar yazdıqca, mən daha da səylə hazırlaşıram.
- Rumıniyada yaşayış tərzi necədi? Darıxmırsan?
- Evdəkilər üçün darıxıram. Amma boş vaxtlarımda komanda yoldaşlarımla çıxıb gəzirik.
- Rumın qızları öz gözəlliyinə görə Avropada sayılıb-seçilirlər. Qız dostun var orda?
- (gülür) Dostum deyəndə, klubda çalışanlarla və ya komanda yoldaşlarımın xanımları ilə münasibətimiz var. Yəni dost, tanış kimi bir-birimizə hörmət edirik.
- Amma yaxın olduğun qız dostun yoxdu…
- Yoxdu. Çünki orda problemdi. Gedib hər hansı qızla görüşsən, bu mətbuatda dərhal çıxacaq (gülür).
- Kontra səni heyətə daxil etmir. Səbəbi nədi?
- Özüm də Azərbaycan saytlarında bunu oxuyub bezirdim. Buna görə gedib Kontra ilə görüşdüm, söhbət etdim. Mən baş məşqçini qınamıram, çünki qarşımıza həm kuboku qazanmaq, həm də ilk 3-lükdə yer almağı qoymuşdular. Yeni gəldiyimə görə, 2-3 il əvvəl oynayan futbolçuları ehtiyata qoya bilmirdi. Mövqemdə oynayan futbolçuların biri vitse-kapitan, biri isə komandanın əsas futbolçularındandı. Şansımı gözləyirəm, çalışacam ki, bu mövsüm “Petrolul”un əsas futbolçulardan olum.
- “Petrolul” səni transferə çıxarsa, hara gedəcəyini dəqiqləşdirmisən?
- Təkliflər var…
- Hansı klublardan?
- 3-4 ölkədən var. Macarıstan, Türkiyə və Rumıniyanın 2 ortabab klubundan təkliflər var. “Petrolul”da 3 və ya 4-cü futbolçu kimi qalaramsa, bu təklifləri dəyərləndirib gedəcəm.
- Bayaq dedin klub səni qova bilməz, buna səbəb isə müqavilə şərtidi?
- Komanda məni heyətdən kənarlaşdırarsa, o zaman mənə böyük kompensasiya ödəməli olacaq. Çünki müqaviləni onlar pozurlar. İnanmıram ki, bu qədər məbləği göz önünə alıb məni komandadan çıxarsınlar.
- Kontra ilə söhbətiniz olub. Ümumiyyətlə, qalıb-qalmamağın barədə o sənə nəsə dedi?
- Kubok oyunundan sonra Bakıya gəldim və söhbətimiz çox da uzun çəkmədi. İnşallah, ayın 20-də qayıdacam və hər şeyə aydınlıq gələcək.
- Son olaraq, “lipa” söhbətini bağlamaq üçün əlində elə bir sənəd və ya fakt var ki, yazılanların yalan olduğunu sübut edəsən? İstənilən vaxt bunu mətbuata sübut etməyə hazırsan?
- İstənilən vaxt mətbuata bunu sübut etməyə hazıram. Lazımdısa, hərbidən olan sənədimi, pasportumu təqdim etməyə hazıram. İstəsəm, mənim haqda yalan yazan saytı və ya qəzeti məhkəməyə verə bilərəm. Buna hüququm da var. Mənim menecerim almandı, biri də azərbaycanlı. Özüm kənarda duraram, onlar bu işi həll edərlər. Amma istəmirəm kiməsə qarşı pisliyim keçsin, heç kimə də pislik etmək fikrində deyiləm. Bu sonuncu dəfədi ki, sizin sayt vasitəsilə deyirəm, “lipa” söhbətini burda bağlayıram və bu barədə verilən heç bir suala cavab verməyəcəm. Danışdıqca, bu söhbət uzanır. Mətbuatda yazırlar və tanımayan adam da oxuyur, fikirləşir ki, azərbaycanlı futbolçular “lipa”dı. Məni ən çox tənqid edən sayt “apaspor”du, amma ən çox oxuduğum sayt da elə “apasport”du. Hətta nənəm də “apasport” deyə bilmir, deyir a bala baxın görün “abasport” nə yazıb. İstəmirəm mənim haqda nəsə pis şey yazsınlar. Qoy onlar mənim arxamda dursunlar, mətbuat arxamda durarsa, mən də həvəslənib daha yaxşı oynayaram. Bütün mətbuat işçilərinə həmişə hörmət etmişəm. Hansı jurnalist mənimlə əlaqə saxlayıb, heç vaxt deməmişəm ki, müsahibə vermirəm. “Apasport” saytından xahiş edirəm, bu söhbət barədə artıq yazmasınlar. Nə vaxta kimi yazacaqlar? Nə etmişəm onlara? Əgər mən “lipa”yamsa, futbol federasiyası var, onlar daha yaxşı bilir ki, kim yaşını saxtalaşdırıb. Yaşımda problem olsa, birinci milli üçün problem olar. Problemim olsa, məni heç yığmanın yaxınlığına buraxmazlar. Elə sizin sayt vasitəsilə deyirəm, kimsə bundan sonra mənim “lipa” olduğumu yazsa və əlində bir sübut olmasa, inciməsinlər, menecerlərim məhkəməyə müraciət edəcəklər.
İdman24.az