İspaniya millisinin sabiq üzvü İker Kasilyas karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, bu barədə ispan qolkiperin son klubu - "Portu"nun prezidenti Jorje Nunu Pintu da Koşta məlumat verib.
Onun sözlərinə görə, 2019-cu ilin mayında infarkt keçirən Kasilyas karyerasını bərpa etməyəcək. Veteran qolkiper İspaniya Kral Futbol Federasiyasının prezidenti postuna namizədliyini irəli sürməyi planlaşdırır.
Qeyd edək ki, Kasilyas 1998-2015-ci illərdə "Realı"n müxtəlif komandalarında çıxış edib. 16 il əsas komandanın formasını geyinən qolkiper keryerası ərzində ümumilkdə 881 oyuna çıxıb. O, "Real"la La Liqanın (5 dəfə), "Kral Kuboku"nun (2), İspaniya Super Kubokunun (4), Çempionlar Liqasının (3), UEFA Super Kubokunun (2) və klublararası dünya çempionatının (2) qalibi olub.
Futbolçu 2015-ci ildə "Real"dan ayrılaraq "Portu"ya keçib. O, 2017/18 mövsümündə Portuqaliya Premyer Liqasının, 2018-ci ildə ölkə Super Kubokunun qalibi olub.
Kasilyas 2000-2016-cı illərdə İspaniya millisində 167 oyun keçirib. Qolkiper 2008 və 2012-ci illərdə Avropa, 2010-cu ildə dünya çempionatının qızıl medalını qazanıb. Kasilyas həmçinin 1997-ci ildə U-16 Avropa, 2 il sonra gənclər arasında dünya çempionatının qalibi olub.
Fanat.Az