"Neftçi”nin oyun qurucusu Emin Mahmudov özünə menecerlər vasitəsi ilə yeni klub axtarır.
Fanat.Az-a futbolçuya yaxın mənbədən verilən məlumata görə, millimizin yarımmüdafiəçisi "ağ-qaralar”ın yeni müqavilə təklifinə müsbət cavab verməyib.
Belə ki, Mahmudov yeni anlaşmaya daha yaxşı şərtlər fonunda imza atmaq niyyətindədi. Bakı klubunun təklif etdiyi saziş isə yarımmüdafiəçinin ürəyincə deyil.
Bir müddət öncə "Qarabağ”ın maraqlandığı futbolçu Ağdam təmsilçisinə keçməyə can atsa da, vəziyyət fərqli səmtə yönəlib. Artıq "Qarabağ” Mahmudovun yox, "Sumqayıt”ın yarımmüdafiəçisi Aleksey İsayevin transfer edilməsinə köklənib.
Bu isə o deməkdi ki, possovet ölkələrinin bir neçə klubunun qapısını menecerlər vasitəsi ilə döyən oyunçu ona xidməti qarşılığında daha çox pul verməyə hazır olan camiəni tapmayacağı halda, "Neftçi”nin təklifi ilə razılaşacaq.
Fanat.Az