Son məlumatlara görə, dünyada koronavirus pandemiyasına yoluxanların sayı 1 milyon nəfəri keçib. 60 minə yaxın insan COVID-19-dan dünyasını dəyişib.
Belə bir ərəfədə koronavirusla mübarizə tədbirləri gücləndirilir. Artıq prosesə bəzi idman xadimləri də qoşulublar. Fanat.Az xəbər verir ki, pandemiyaya mübarizəyə dəstək verənlər sırasında Lionel Messi, Kriştianu Ronaldu və Neymar kimi ulduz isimlər də var.
PSJ-nin futbolçusu Neymar UNICEF-ə və koronavirusla mübarizə üçün yaradılmış Məşhurlar Fonduna toplam 850 min avrodan çox ianə edib.
"Yuventus"un hücumçusu Kriştianu Ronaldu Portu və Lissabondakı klinikalara 1 milyon avro bağışlayıb.
"Barselona"nın ulduzu Lionel Messi Barselonada koronavirusla mübarizə aparan əsas hospitallardan birinin hesabına 1 milyon avro köçürüb.
"Bavariya"nın forvardı Robert Levandovski həyat yoldaşı ilə birlikdə Almaniyada pandemiya ilə mübarizəyə dəstək vermək üçün 1 milyon avro bağışlayıb. Polşalı futbolçunun komanda yoldaşları Yozua Kimmix və Leon Qoretska isə birlikdə "Wekickcorona" platformasını istifadəyə veriblər və artıq 3,6 milyon avrodan çox ianə toplaya biliblər.
Kilian Mbappe (PSJ) koronavirus pandemiyasının yayıldığı dönəmdə əsas risk qruplarından biri olan evsizlərə yardım etmək qərarına gəlib. O, Fransa Evsizlər Cəmiyyətinin hesabına köçürmə edib. Məbləğin çox yüksək olduğu bildirilir. Mbappe rəqəmin açıqanmasını istəmir.
"Mançester Yunayted"in kapitanı Harri Maquayr oyunçulardan aylıq maaşlarının 30%-ni İngiltərə Milli Səhiyyə Xidmətinə bağışlamalarını istəyib. Təklif futbolçular tərəfindən müsbət qarşılanıb.
"Liverpul"un kapitanı Cordan Henderson Premyer Liqada çıxış edən digər klubların kapitanları ilə danışıb və koronavirusla mübarizəyə dəstək olmaq üçün Premyer Liqa Böhran Fondunu yaratmaq təklifini irəli sürüb.
Sabiq "Formula 1" pilotu və ikiqat dünya çempionu Fernando Alonso İspaniyada koronavirusla mübarizə aparan həkimlərə 4 min qoruyucu kostyum və 300 min maska bağışlayıb.
Fanat.Az