"Qarabağ"ın futbolçusu Xayme Romero İspaniyanın AS nəşrinə açıqlama verib.
Fanat.Az xəbər verir ki, ispan futbolçu Çempionlar Liqasının I təsnifat mərhələsinin Makedoniya "Sileks"i ilə oyununda (4:0) rəqibin qapısına vurduğu qol barədə danışıb:
"Bu, əla qol idi. Çünki müdafiəçini geridə qoyub qapıçı ilə təkbətək epizoddan maksimum yararlandım. Ozobiçin ötürməsi də çox yaxşı alındı".
Romero "Qarabağ” və Bakı şəhəri haqda müsbət fikirlər səsləndirib:
"Böyük klubda olduğum üçün çox xoşbəxtəm. Bazalar, şəhər... Hər şey əladı. Ötən il ölkə çempionu olduq, Avropa Liqasının qrupunda oynadıq. Burada özümü rahat hiss edirəm. Vacib hədəflər uğrunda mübarizə futbolçunu həvəsləndirir”.
İspan futbolçu həmyerliləri Dani Kintana və Miçelin "Qarabağ”dan ayrılmasına üzüldüyünü də gizlətməyib:
"Onlarla çox yaxşı anlaşırdım. Məni tək buraxdılar. Xoşbəxtlikdən qardaşım Dani burada, əvəzedici komandadadı”.
Romero "Qarabağ”ın qarşıdakı hədəflərindən də danışıb:
"Çətin olacaq. Çünki təsnifat mərhələlərində güclü komandalar olur. Ancaq məqsədimiz avrokuboklarda yolumuza davam etməkdi. Çempionlar Liqasında qrupa düşə bilməsək, Avropa Liqasının qrupunda oynamağa çalışacağıq”.
Bu həftə Azərbaycan Premyer Liqasının start götürəcəyini xatırladan oyunçu bunun böyük məsuliyyət olduğunu vurğulayıb:
"Əsas məqsəd rekordları yaxşılaşdırmaq və ötən mövsümkündən çox qol vurmaqdı".
Fanat.Az