Millinin Lüksemburqa yenilgisinin əsas səbəbkarının – Mahir Emrelinin "qırmızı”ya yol açan hərəkəti karyerasında ilk olsaydı, başqa məsələ... Amma əvvəllər də buna bənzər, ulduz xəstəliyi qoxusu verən davranışlarla gündəmə gələn oyunçunun ciddi çatışmazlığı göz qabağındadı. Şübhəsiz, böyük yox, çox böyük səhvə yol verib. O gündən bəri gecələr yata bilirsə, vay bizim halımıza.
Emrelinin milli tarixinin növbəti rüsvayçılığına səbəb olması öz yerində, onun nömrəsinin Namik Ələsgərova verilməsi isə... Hə, Canni de Byazili yığmanın ilk rəsmi qələbəsi kimi tarixə düşən görüşdə sonradan oyuna çıxan Namik "10 nömrə”li futbolkada ora-bura qaçdı.
De Byazi Mahirin formasını Ələsgərova layiq görməklə qayda pozuntusuna yol verməyib. Təbii, buna görə nə yığma, nə oyunçu, nə də italiyalı çalışdırıcı cəzalandırılacaq. Bir oyunçunun başqasında olan nömrəni növbəti oyundaca özəlləşdirmək hüququ var. Baş məşqçini hardasa, başa düşmək olar. "Siftə”sini korlayan Mahirə olan qəzəbini bu şəkildə bildirməyə çalışıb. Tutaq ki, Canni xoca Emreliyə "ağlını başına yığ, əvəzolunmaz deyilsən” mesajı göndərməyə çalışıb. Bəs Namikə nə düşmüşdü? Emosiyaların qurbanı olan Mahirin futbolkasını sahiblənməyə bilməzdimi? "6”-nı "10”a dəyişən oyunçu milli mentalitetimizin incəliklərinə bələd olmaya bilər. Ancaq bu hərəkət futbol komandalarında birmənalı şəkildə əməl edilən, yazılmamış YOLDAŞLIQ QAYDALARINA sığmır.
Kənardan sezilən budu ki, Ələsgərov Emrelinin formasına göz dikibmiş və ilk imkandaca MİLLİ KOMANDA YOLDAŞLIĞI prinsiplərinə tüpürərək fürsəti boşa verməyib. Maraqlı faktdı, deyilmi?
P.S Vəhşi qərbdə ölümcül yaralanan kovboylar başqa kovboylar tərəfindən qarət edilirdi. Biri atını götürürdü, o biri ağzındakı qızıl dişləri, digəri isə mahmızlı çəkmələrini... Sizcə, Ələsgərov hansını götürüb?
Fanat.Az