“Neftçi” rəhbərliyi isveçrəli Conni Leoninin müəmmalı gedişindən sonra qapıçı axtarışına çıxıb. Apasport.az saytının məlumatına görə, serbiyalı Saşa Stamenkoviç komandadan ayrılmasa da, “ağ-qaralar” onun oyunlar zamanı etdiyi intizamsız hərəkətləri səbəbindən alternativ qapıçı almaq niyyətindədir.
Düzdür, “Simurq”dan Eyyub Əliyevin icarə müddəti başa çatıb və komandasına dönüb. Ancaq gənc qapıçının avrokubok oyunları üçün hazır olmadığı və yenidən başqa kluba icarəyə veriləcəyi gözlənilir.
Bu səbəbdən “Neftçi” diqqətini Avropa bazarına yönəldib. Əldə etdiyimiz məlumata görə, son mövsüm “qızıl dubl”a imza atmış komanda Yunanıstandan qapıçı almaq istəyir. Ancaq həmin qapıçı gününü ehtiyatda keçirən yox, Çempionlar Liqası səviyyəsində olmalıdır. Bu isə o deməkdir ki, “Neftçi”nin səviyyəli qapıçı istəyi baş tutsa, Stamenkoviç ehtiyatda qalmalı olacaq.
İdman24.az