Gələn mövsümün sonunda "Barselona" ilə müqaviləsi başa çatacaq Lionel Messinin gələcəyi maraq doğurur.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçunun müqaviləsinin bitməsini gözləmədən Kataloniya klubunu tərk edəcəyi ehtimal olunur.
Artıq "Mançester Siti" Messini heyətə qatmaq üçün hərəkətə keçib. Amma ingilislərin onun üçün hazırladığı təklif müzakirələrə səbəb olub. "Daily Star"ın məlumatına görə yüzmilyonlarla avro dəyəri olan futbolçu üçün "Mançester Siti" "Barselona"ya 15 milyon funt-sterlinq (təxminən 16,6 milyon avro) təklif etmək niyyətindədi.
Belə ki, müqaviləyə əsasən Messi cari mövsümün sonunda transfer haqqı ödənmədən komandanı tərk edə bilər. Bu səbəbdən də "şəhərlilər" onun üçün belə az məbləğ təklif edir. Futbolçu komandanı tərk etmək qərarına gəlsə, "Barselona" rəhbərliyi "Mançester Siti"nin təklifini qəbul etməli olacaq.