"Turnirə yaxşı başlamışıq. 3 matça çıxmışıq. Bütün oyunlarda qol vurduq. İsrail "Makkabi"si (Təl-Əviv) ilə görüşdə sıxıntılarımız var idi. "Vilyarreal"a qarşı da yaxşı çıxış etmişdik. "Qarabağ"a qarşı sabahkı matç bizim üçün finala bərabərdi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Turnirdə yolumuza davam etmək istəyiriksə, "Qarabağ”la görüşdə qələbə qazanmalıyıq. Azərbaycan bizim üçün qardaş ölkədi. İstanbula 15 futbolçu ilə gəlmişik. Bu say, bəlkə də, sabah 14-ə enəcək”.
Rıza Çalımbay heyətlə bağlı ciddi problemlər yaşadıqlarını söyləyib: "Oyunçularımızdan 4-ünün problemini həll edə bilməsək, 14 futbolçu ilə qalacağıq. Sürprizlər də edə bilərik. Bu, bir klubun başına gələcək ən şanssız andı. Açığı, bu qədərini gözləmirdim. Hər kəs diqqətli olmalıdı. Federasiya bu problemlərin həlli üçün nəsə etməlidi. Kimin oynamasından asılı olmayaraq, sabah final xarakterli matça çıxacağıq".
"Görüşün İstanbulda olması yaxşıdı. Amma Azərbaycan da bizim məmləkətimizdi. Ötən turda "Qarabağ"la matçda bunu hamı gördü. İstəyirik ki, növbəti mərhələyə vəsiqə qazanaq. Bütün futbolçulara inanıram" deyə baş məşqçi bildirib.
Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.