Azərbaycan Premyer Liqasının XXI turunda "Zirə" səfərdə "Səbail"lə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Matçdan sonra keçirlən mətbuat konfransında "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov görüşü belə dəyərləndirib:
"Futbolçularıma təşəkkür edirəm. Xeyli problemə rəğmən sonadək mübarizə apardılar. Fasilədən sonra isə təşəbbüs gah bu, gah da digər komandanın tərəfinə keçirdi. Bir xala üzülmürük, bunu qənaətbəxş sayıram".
39 yaşlı mütəxəssis gənc müdafiəçi Cəlal Hüseynovun çıxışına da toxunub: "Onun oyunu bizi sevindirir. Cari mövsümdə yetərincə şans qazanır. Mövqeyi səhv etməyə imkan vermir. Çalışıram ki inkişafdan geri qalmasın".
Sadıqovun sözlərinə görə, daha keyfiyyətli futbol oynamaq üçün yaxşı futbolçu lazımdır: "Futbolçu özü yetişmir, onları yetişdirmək lazımdır. 90 dəqiqə yüksək tempdə oynamaq üçün buna pillə-pillə gəlmək lazımdır. Futbolçu 60 dəqiqədən sonra yorulubsa, bu, iki səbəbdən ola bilər: ya fizikası zəifdir, ya da onu məşqdə yükləmisən. Meydanda gördüyünüz 90 dəqiqə son mərhələdir. Hesab edirəm ki, mütəxəssislərimizin əlində daha geniş imkan olsa, daha böyük işlər görə bilərlər".
Fanat.Az