Bu gün "Neftçi" Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Dinamo Tbilisi"ni qəbul edəcək.
Fanat.Az xəbər verir ki, bu komandalar arasında Gürcüstanda keçirilən ilk görüşdə ölkə çempionumuz 2:1 hesabı ilə qalib gəlib.
Bəs, cavab oyununda "Neftçi"dən hansı nəticəni gözləmək olar?
Millimizin sabiq qapıçısı, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə Fanat.Az-a açıqlamasında "Neftçi"nin favorit olduğunu bildirdi: "Rəqib oyuna olduqca aqressiv çıxacaq. Gürcüstanda hazırda çempionat oyunları gedir və futbolçuların oyun praktikası daha çoxdur. Bu da rəqibə müəyyən üstünlük verir. Amma bunlara baxmayaraq "Neftçi" rəqibdən səviyyəcə üstündür və bu üstünlüyü meydanda göstərmək lazımdır".
Mütəxəssis komandanın heyətindəki üstünlüklər və çatışmazlıqlara da toxundu: "Səfər oyununu diqqətlə izlədim. Sevindirici haldır ki, "Neftçi" rəqibin kim olmasından asılı olmayaraq öz oyununu göstərməyə çalışıb, ara-sıra üstünlüyü ələ alırdı. Ancaq etiraf etməliyik ki, zamanla üstünlüyü ələ keçirən "Dinamo" qapımız önündə daha çox qol vəziyyəti yaratdı. Aqilin oyununu qeyd etmək istərdim. Kifayət qədər qurtarışları ilə yadda qaldı və nəticəyə təsir edən oyunçulardan biri oldu. Amma "Neftçi"nin üstünlüyü ondan ibarət idi ki, qol şansı az olsa da, ələ düşən fürsətlərdən maksimum yararlandı. Oyundan öncə "Neftçi"nin hücum xəttində problemlər olduğuna dair fikirlər vardı. Ancaq "Dinamo" ilə oyunda şahidi olduq ki, hücumçularımız yaranan fürsəti yaxşı qiymətləndirə bilir.
Müdafiədə isə kifayət qədər boşluqlar var. "Dinamo" klubu o boşluqlardan maksimum yararlansaydı, nəticə bizim üçün heç də yaxşı olmayacaqdı. Müdafiəçilərlə yarımmüdafiəçilər arasında ara məsafələr olduqca çox idi. Çempionlar Liqası Samir Abasov üçün məşqçi olaraq yeni bir təcrübədir. Düşünürəm ki, komandanın çatışmayan cəhətlərini bizdən daha yaxşı bilir və cavab oyununa daha yaxşı hazırlaşıb".
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Dinamo" matçı 21:00-da start götürəcək.
Emin Şəmsiyev