Serbiyanın "Çukariçki” komandasının futbolçusu Nikola Çoliç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Sumqayıt”la cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi Belqrad təmsilçisinin mətbuat xidmətinə danışıb:
"İlk oyunda qol imkanlarımızı dəyərləndirə bilmədik. Düşünürəm ki, qələbəyə layiq idik. Üstün oynayan tərəf idik və şanslarımız oldu. Topun qapıdan keçmədiyi oyunlardan biri oldu.
"Sumqayıt”dan daha yaxşı komandayıq, ancaq bunu meydanda sübut etməliyik. Xeyli qol şansımız olsa da, soyuqqanlılıq çatmadı. Cavab qarşılaşmasında imkanlardan yararlana bilsək, problem olmayacaq.
Bizi nə gözlədiyini, uzaq məsafə qət edəcəyimizi və Azərbaycandakı hava şəraitinin necə olduğunu bilirik. Ancaq hər şeyə hazırıq. Bütün diqqətimiz oyundadır və heç nə bizi təəccübləndirməyəcək”.
İyulun 29-da, Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt” – "Çukariçki” matçı saat 20:00-da start götürəcək. Tərəflər Serbiyada baş tutan ilk matçda qolsuz bərabərliyə razılaşıb.