Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün 3 növ üzrə 3 təmsilçimiz mübarizə aparacaq.
Onlardan birinin gün ərzində medal hesabımızı açmaq imkanı var.
Cüdo
Qadınların 70, kişilərin 90 kiloqram çəki dərəcələrində mükafatçılar müəyyənləşəcək. Ölkəmiz yalnız kişilərin yarışında təmsil olunacaq.
Məmmədəli Mehdiyev ilk görüşünü 1/16 final mərhələsində keçirəcək.
İkiqat Avropa mükafatçısı Rafael Makedo (Braziliya) - İslam Bozbayev (Qazaxıstan) cütünün qalibini gözləyir.
Cüdo yarışlarına Bakı vaxtı ilə 06:00-da start veriləcək. Komandamızın 28 yaşlı üzvü 1/16 finalın dördüncü görüşündə tatami üzərinə çıxacaq.
Boks
Kişilərin 81 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz Alfonso Dominqes Olimpiya Oyunlarında ilk döyüşünə çıxacaq. Millimizin Kuba əsilli üzvü 1/8 finalda özbəkistanlı Dilşodbek Ruzmetov ilə üz-üzə gələcək.
Boks yarışları 06:00-da başlayır.
Minsk 2019 II Avropa Oyunlarının qalibi Dominqes ilə son dünya çempionatının gümüş mükafatçısının qarşılaşması günün proqramında sonuncudur.
Badminton
Edi Reski Dviçayo yer aldığı L qrupunda ikinci - son görüşünü keçirəcək.
Dünən baş tutan ilk qarşılaşmasında Vyetnam təmsilçisini 2:0 hesabı ilə üstələyən komandamızın İndoneziya əsilli üzvü, pley-offa vəsiqə üçün Minsk 2019 II Avropa Oyunlarının qalibi ilə - danimarkalı Anders Antonsenlə münasibətlərinə aydınlıq gətirəcək.
Oyun təxminən 15:00-da başlayacaq.
Sahib Əsədbəyli