"Futbolçuları təbrik edirəm. Çox gərgin oyun keçdi”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
49 yaşlı mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsinin "Aşdod”la İsraildəki cavab oyunundan sonra keçirilən mətbuat konfransında görüş barədə fikirlərini açıqlayıb: "Hava şəraiti də ağır idi. Ancaq şükürlər olsun ki, hər şey bizim tərəfimizdə oldu. Baxmayaraq ki, komandada xeyli problemlər var. Hətta matçın gedişində də problemlə üzləşdik və məcburi dəyişiklik reallaşdırdıq. Futbolçular qalib gəlmək üçün hər şeyi etdilər, hətta deyərdim ki, daha artığını. Komandada həyəcan var idi. Zədələrlə bağlı problem istər-istəməz komandaya da təsir edir. Bu görüşdə futbolçuların xarakteri mənim üçün çox vacib idi. Bəzi gənclərimiz belə oyunları nə qədər tez hiss etsə, onların böyüməsi, inkişafı daha da sürətlənəcək. Qələbə münasibətilə hər kəsi təbrik edirəm. Hər iki qarşılaşmaya baxsaq, qələbəyə layiq idik".
Qeyd edək ki, Bakıdakı görüşdə qolsuz heç-heçə edən "Qarabağ” səfərdə qazandığı 1:0 hesablı qələbə sayəsində Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. Mənbə:Apasport