Tokio 2020-nin cüdo yarışlarına yekun vurulub.
Fanat.az xəbər verir ki, son gündə qarışıq komandalar (3 kişi, 3 qadın) arasında mübarizə baş tutub.
Olimpiya Oyunları tarixində ilk dəfə təşkil olunan komanda yarışının finalında cüdo üzrə dünyanın iki ən titullu millisi Yaponiya və Fransa üz-üzə gəlib.
Beş qarşılaşmanın yekununda Fransanın 4:1 üstünlüyü qeydə alındığından, son görüşə ehtiyac duyulmayıb.
Beləliklə, fərdi proqramdakı nəticələrlə Olimpiadaların rekorduna imza atan cüdonun yaradıcıları, növbəti dəfə tarixə düşmək şansını qaçırıb.
Qeyd edək ki, Yaponiya fərdi turniri 9 qızıl, 1 gümüş, 1 bürünc, Fransa isə 1 qızıl, 3 gümüş, 3 bürünc medalla başa vurub. Azərbaycan cüdoçuların isə yarışdan qazancı bir bürünc mükafat olub.
Sahib Əsədbəyli