Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi ("Chessable Masters") davam edir.
Fanat.Az xəbər verir ki, onlayn yarışda bu gün daha 5 turun görüşləri baş tutub.
Dünən keçirilən ilk beş turdan 3 xalla ayrılan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov, gün ərzində Hikaru Nakamura(ABŞ), Hampi Koneru(Hindistan), Le Kuanq Liem(Vyetnam), Abimanyu Mişra(ABŞ) və Başkaran Adhibanla(Hindistan) üz-üzə gəlib.
Nakamura ilə görüşü heç-heçə bitirən 36 yaşlı qrossmeysterimiz, Koneru, Mişra və Adhibanı məğlub edib. Vyetnam şahmatçısı ilə qarşılaşmada isə sevinən tərəf rəqib olub.
Məmmədyarov bu nəticələrdən sonra xallarının sayını 6,5-ə çatdırıb. "Şah" 10 turdan sonra turnir cədvəlində 6-cı yerdədir. Sıralamaya 7,5 xalla Uesli So (ABŞ) başçılıq edir.
Qeyd edək ki, iştirakçılar turnirin ilk üç günündə dairəvi sistem üzrə mübarizə aparır. 15 turdan sonra ilk "səkkizlik" adını pley-off mərhələsinə yazdıracaq. Avqustun 8-də başa çatacaq yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib 30 min dollar qazanacaq.
"Chessable Masters"
İkinci gün
6-cı tur
Hikaru Nakamura(ABŞ) - Şəhriyar Məmmədyarov 0,5:0,5
7-ci tur
Şəhriyar Məmmədyarov - Hampi Koneru(Hindistan) 1:0
8-ci tur
Le Kuaq Liem(Vyetnam) - Şəhriyar Məmmədyarov 1:0
9-cu tur
Şəhriyar Məmmədyarov - Abimanyu Mişra(ABŞ) 1:0
10-cu tur
Şəhriyar Məmmədyarov - Başkaran Adhiban (Hindistan) 1:0
Sahib Əsədbəyli