Xəbər verdiyimiz kimi, "Qarabağ" heyətinə yeni futbolçu qatır. Ağdam klubu İspaniya La Liqasında çıxış edən "Kadis”in hücumçusu Qaspar Panadero Zamora ilə 3 illik müqavilə bağlamağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, Qaspar Panadero Zamora 1997-ci ilin 9 dekabrında İspaniyanın Tarazona de la Manşa şəhərində dünyaya gəlib. O, futbolun sirrlərini "Albasete"də öyrənməyə başlayıb. 2012-ci ildə - 14 yaşında "Almeriya"ya keçib. Cəmi iki ilə sonra - 2014-cü ildə "Almeriya"nın B komandasına yüksəlib.
Elə həmin ilin 12 sentyabrında Zamora "Almeriya"nın əsas heyətində La Liqada debüt edib. 16 yaş 277 günlüyündə La Liqada oyuna çıxıb və "Almeriya"nın heyətində bunu bacaran ən gənc futbolçu kimi tarixə düşüb.
2020-ci ildə 100 min avro qarşılığında Birləşmiş Ərəb Əmirlikliklərinin "Əl-Vahda" klubuna transfer olunan Zamora 6 ay sonra İspaniyaya dönüb və "Kadis"lə anlaşıb. Lakin bu komandanın əsas heyətində möhkəmlənə bilməyib və 2020/21 mövsümündə Sequnda təmsilçisi "Ponferradina" klubuna icarəyə verilib. "Qarabağ"ın yeni futbolçusu bu komandanın heyətində meydana çıxdığı 24 oyunda 1 qol vurub.
Zamora 2015-ci ildə İspaniyanın U-18 millisində 2, 2015-2016-cı illərdə U-19 millisində 3 oyun keçirib. "Transfermarkt" nəşri ona 300 min avro qiymət qoyub.
Pərvin