"Qarabağ" klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin AEL komandası ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında çıxış edib.
"Çox maraqlı komandaya qarşı oynayacağıq. AEL gənc heyətə sahib komandadır. Ustalıq səviyyəsi yüksək olan futbolçuları var. Kollektiv oyuna üstünlük verirlər. Belə komandalara qarşı oynamaq mənim üçün həmişə maraqlı olur. Çünki belə oyunda daha çox düşünmək, daha çox diqqətli olmaq lazımdır. Futbolçuların da daha məsuliyyətli olması vacibdir. Fikrimcə, komandamıza rəqibi maksimum şəkildə tanıtmışıq. İnanıram ki, futbolçular sabahki oyunda tam hazırdılar. Həmişə olduğu kimi yenə ən yaxşısını etməyə çalışacağıq.
İki yeni transferimiz - Riçard Almeyda və Qaspar Panadero Zamoranın cavab görüşündə oynamaq ehtimalı var. Onların sənədləri artıq UEFA-ya göndərilib. Sadəcə Riçardın hazırlığı Qaspardan daha yaxşıdır. Qasparın da oyuna hazırlaşmaq üçün qarşıda 1 həftə vaxtı olacaq. Məşqçi və həkimlərlə məsləhətləşəcəyik və onun sağlamlığı üçün təhlükə olmasa, az müddətli də olsa meydana çıxma ehtimalı olacaq", deyə mütəxəssis bildirib.
Qeyd edək ki, AEL - "Qarabağ" görüşü sabah keçiriləcək. Matç Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Röya