“Kəpəz” ötən mövsümdəki heyətində köklü dəyişikliklər edib. Komanda demək olar, yarıbayarı yenilənib. Ötən ayın sonundan etibarən transfer çalışmalarına start verən Gəncə klubu 9 futbolçu ilə güclənib. Onların arasında vaxtilə “sarı-göylər”in heyətində çıxış etmiş Tural Rzayev, son mövsüm Gürcüstanda legioner həyatı yaşayan İsmayıl Qədirzadə, “Qarabağ” və “Zirə” kimi klubların şərəfini qorumuş Nicat Süleymanov kimi təcrübəlilərə böyük ümidlər bəslənilir. Yeni transferlərdən ən səs-küylüsü isə Cavid İmamverdiyevdir.
Fanat.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Kəpəz TV”yə müsahibə verib. Əslən şəmkirli olan Cavid İmamverdiyev yeni klubunda özünü xoşbəxt hiss etdiyini deyib: “Keçmişdə Azərbaycanın elə yaxşı futbolçuları, üzdə olan elə veteranları olub ki, gəlib “Kəpəz”in qapısını döyüb, bu klubda oynamaq istədiklərini deyiblər. Mənim üçün də qürurvericidir ki, köklü klublardan birindəyəm. Gəncə futbolun vətənidir, futbol şəhəridir. Burda futbolu çox sevirlər. Ona görə “Kəpəz”i seçdim. Baş məşqçimiz Yaşar Vahabzadəni də çoxdan tanıyıram. 21 yaşlılardan ibarət millidə bir yerdə işləmişik. Hörmət etdiyim mütəxəssisdir. Burda çox xoşbəxtəm. Çox istəyirəm ki, “Kəpəz”lə premyer liqaya yüksəlim. Bu klubun yüksək liqada olmaması üzücüdür”.
Təcrübəli yarımmüdafiəçi mövsümöncəsi iddialı danışıb. O, “Kəpəz”in rəqibləri üçün başağrısı olacağını bildirib: “Bu futboldur, uda da bilərsən, uduza da bilərsən. Ancaq biz heç kimə mübarizəsiz təslim olmayacağıq. Qoy heç kim düşünməsin ki, əlini-qolunu sallaya-sallaya gəlib “Kəpəz”dən xal alacaq. Yaxşı komandamız var. Yüksək yerlərdən birini tutacağımıza çox inanırıq. Hələ çempionatın startına qədər üç həftə vaxtımız var. Yaşar müəllimin başçılığı altında çatışmazlıqlarımızı yoluna qoyub divizionun startında ideal komanda olacağıq.
İmamverdiyev gəncəli azarkeşlərə də səslənib: “Harda oynayırsan-oyna, futbolun bəzəyi azarkeşlərdir. Gəncə camiəsi, azarkeşi haqda məlumatlıyam. Şəmkirliyəm, eyni bölgədənəm. Bundan başqa, başqa klubların heyətində bura gəlib “Kəpəz”ə qarşı oynamışam. Gəncəli azarkeşlərin dəstəyinə bel bağlayırıq. Buna çox ehtiyacımız olacaq. Onların da dəstəyi ilə divizionu ilk “üçlük”də başa vuracağımıza əminəm”.
Mirağa