Ötən gün Çempionlar Liqasının II turu çərçivəsində "Barselona" səfərdə "Benfika"ya 0:3 hesabı ilə uduzub. Turnirdə ard-arda ikinci məğlubiyyəti ilə üzləşən "Barselona"ın baş məşqçisi Ronald Kumanın (Ronald Koeman) gələcək taleyi idman mətbuatının diqqətindədir.
Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis problemin onda olmadığını deyib:
"Gələcəyimlə bağlı suala cavab vermək istəmirəm. Baxmayaraq ki, nəticədə məşqçi günahkardır, bu, mənim əlimdə deyil. Komandada nə olursa ən birinci məşqçi günahkar olur. Bizim halımızda problem təkcə məndə deyil. Komanda hazırda nəsildəyişmə prosesini keçir. Komanda da bir çox şey dəyişməkdədir.
"Barselona"nın əsas probleminin nədə olduğu hamıya bəllidir. Futbolçulardan dəstək hiss edirəm, münasibətlərini görürəm. Klub tərəfdən isə bilmirəm".
Kuman futbolçular tərəfdən həqiqətən də dəstəklənir. Amma komandanın kapitanı Serxio Busqets (Sergio Busquets) məsələyə başqa tərəfdən yanaşıb:
"Baş məşqçi dəyişikliyi həmişə ən asan qərardır, lakin məsuliyyət həm də oyunçuların üzərinə düşür. Kritik bir vəziyyətdəyik. Sıfır xalımız var, sonuncu yerdəyik, hazırda yalnız vəziyyəti düzəltmək barədə düşünməliyik."
Xatıqrladaq ki, E qrupunda mübarizə aparan "Barselona"nın hesabında xal yoxdur və sonuncu pillədə qərarlaşıb.
Emin Şəmsiyev