Sabah İPL-in VII turu çərçivəsində iki İngiltərə nəhəngi - "Liverpul" və "Mançester Siti" üz-üzə gələcəklər.
Fanat.Az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, mersisaydlıların baş məşqçisi Yurgen Klopp (Jürgen Klopp) oyundan öncə rəqib komandanın çalışdırıcısı Pep Qvardiola (Pep Guardiola) ilə münasibətlərindən danışıb:
"Mən heç vaxt Pepə onu bəyəndiyimi söyləməmişəm. Əksinə, mətbuat konfransındakı sözlərim onu tez-tez əsəbiləşdirirdi, amma bu, onun və ya "Mançester Siti" haqqında pis bir şey demək istədiyimi ifadə etmir. Qəzəbləndiyini gördüm. Bunun üçün üzr istəyirəm.
Biz elə zənn edirik ki, bir-birimizi yaxşı tanıyırıq. Əslində bu, belə deyil. Çünki onunla sadəcə oyunlarda görüşürdük. Ancaq bir neçə il əvvəl ailəvi olaraq tanış olmuşduq. Mançesterdə keçirilən mükafatlandırma mərasimi idi. Ailələrimiz görüşdü və tanış oldu. Düşünürəm ki, elə nümunəvi ailədən pis adam çıxa bilməz. Qvardiolanın kübar, gözəl həyat yoldaşı və olduqca tərbiyəli uşaqları var. Futbolda aramızda baş verən hər şeyi bir kənara qoyub ailəvi dəyərləri üstün tutmağı çox vacib hesab edirəm!"
Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" matçı sabah Bakı vaxtı ilə 19:30-da start götürəcək.
Emin Şəmsiyev