"Çox yaxşı komandaya qarşı oynadıq. Rəqib standart vəziyyətlərdən yaxşı yararlanan kollektivdir. Hücumlara çox tez çıxırdılar. İlk yarıda onlar bizə, ikinci hissədə isə biz onlara çətinliklər yaratdıq".
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Bakıda Qazaxıstanın "Kayrat"ına 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunun oyunundan sonra jurnalistlər önünə çıxıb.
Qurbanov tərəfdarlara təşəkkürünü çatdırıb: "Bu gün futbolçuların daha istəkli olduğunu gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi. Hər birinə təşəkkür edirəm".
Ağdamlıların çalışdırıcısı qrupdan çıxmaq şanslarını dəyirdirib: "Bizim qarşıdakı 3 oyundakı hədəfimiz 9 xaldır. İki səfər oyunumuz qalıb. Rəqiblər həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə və 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Rəqibin "Bazel"ə 2:4 hesabı ilə uduzması bizi aldatmalı deyil. Bakıda daha yaxşı oynadılar. Qrupdakı hər üç xal bizim üçün üstünlükdür. Qarşıdakı oyunlara ciddi yanaşmalı və inamımızı artırmalıyıq. Oyunçular daha peşəkar olmalıdırlar".
Təcrübəli baş məşqçi görüş ərzində səbrli olduqlarını sözlərinə ələvə edib: "Mən oyunçulara da deyirdim ki, öz oyunumuzundan əl çəkməyək. Müdafiə olunan komanda təzyiq çox olanda səhvlərə yol verir. Biz sonadək mübarizə aparmalıyıq. 3:0 öndə olsaq belə, tempi qorumalıyıq. Sonradan meydana çıxanlarda da özlərini yaxşı tərəfdən göstərdilər. Əzmkarlıq hesabına qələbə qazandıq".
Mütəxəssis Bədavi Hüseynovun komandanın əsas futbolçularından biri olduğunu söyləyib: "İnanıram ki, qayıdanda özünü yaxşı tərəfdən göstərəcək. Onun heyətə düşməyində özündən daha çox şey asılı olacaq".
Qurban bəy rəqib qapısına yol tapan futbolçularla bağlı sualı belə cavablandırıb: "Gizlətməyəcəm, Ramil Şeydayevin qoluna daha çox sevinirəm. Onun əzmkarlığı göz önündədir. Abbas Hüseynov isə bu qoldan sonra özünəinamı artıra bilər".