“Sabah”ın baş məşqçisi Murad Musayev PRO kateqoriyalı məşqçi kursuna qatılıb.
Fanat.Az xəbər verir ki, millinin oyunlarına görə Premyer Liqada yaranan fasilədən istifadə edən 38 yaşlı rusiyalı mütəxəssis Rusiya Futbol İttifaqının təşkil etdiyi seminara yollanıb.
RFİ-nin akademiyasında baş tutan tədbirə “Rubin”in baş məşqçisi Leonid Slutski rəhbərlik edib. Seminara qatılanlar arasında məşqçilikdə ilk addımlarını atan Aleksandr Kerjakov, Vasili və Aleksey Berezutski qardaşları, Sergey İqnaşeviç və Roman Şaronov kimi tanınmış veteran futbolçular da olub.
Qeyd edək ki, “Sabah” yeni baş məşqçisi Murad Musayev debütünü “Zirə” ilə görüşdə gerçəkləşdirərək heç-heçə edib (3:3).