"Zirə"nin və Gürcüstan yığmasının hücumçusu Davit Volkov Özbəkistan millisi ilə oyunla bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, Gürcüstan Futbol Federasiyasının saytına danışan çempionatımızın bombardiri yığmada qol hesabını açdığına görə sevindiyini bildirib:
"Hamını qələbə münasibətilə təbrik edirəm. Təbii ki, yığmaya çağırılmağıma xeyli sevinmişdim və var qüvvəmlə şanslarımdan yararlanmağa çalışırdım. Özbəkistanla oyuna start heyətdə başlamağa çox sevindim. Şadam ki, komandamız mənim qolumla qələbə qazandı. Yığmamıza uğurlar arzulayıram. İli qələbə ilə başa vurmağımıza sevinirəm".
Qeyd edək ki, ötən həftə Gürcüstan millisinə dəvət olan Volkov debütünü İsveçlə (2:0) oyunda sonradan meydana çıxmaqla reallaşdırıb. Dünən isə qonşu ölkə yığması Özbəkistanla yoldaşlıq görüşündə üz-üzə gəlib və 1:0 hesabı ilə başa çatan görüşdə yeganə qolun müəllifi Davit Volkov olub.
28 yaşlı hücumçu hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.
Mirağa