Region Liqasında çıxış edən "Xan Lənkəran"ın düşərgəsində hadisələr sürətlə cərəyan edir.
Fanat.Az xəbər verir ki, Lənkəran təmsilçisi bəyanat yayaraq sabiq məşqçilər İqbal Babayev və Cəfər Mirzəyevin istefaya göndərilməsinə aydınlıq gətirib:
"Komandamızdan kənarlaşdırılan məşqçilərlə bağlı açıqlama: "Xan Lənkəran"ın sabiq məşqçiləri İqbal Babayev və Cəfər Mirzəyev sonuncu qarşılaşmadakı məğlubiyyət səbəbindən istefaya göndərilməyiblər! Adıçəkilən məşqçilər bir neçə dəfə komandadaxili qaydalarını pozduqlarına, futbolçularla və idarə heyətimizdəki əməkdaşlarla problem yaşadıqlarına görə klubun prezidenti tərəfindən istefaya göndəriliblər. Bu qərar hələ "Neftçi 2" ilə oyundan sonra qəbul edilsə də, "Turan Tovuz"la oyun gününə təsadüf edib. Klubumuz dəyərlər üzərində qurulub və bundan sonra da həmin dəyərlərə hər hansı bir mənfi təsir göstərən şəxslər dərhal klubdan uzaqlaşdırılacaq.
Hər iki məşqçiyə komandamız üçün çəkdikləri əziyyətə görə təşəkkür edirik və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!"
Bəyanatda detallar tam açıqlanmasa da, əldə etdiyimiz məlumata görə, keçmiş baş məşqçi ilə oyunçular arasında mübahisə yaşanıb.
Qeyd edək ki, artıq özünə yeni baş məşqçi tapan "Xan Lənkəran" ötən gün PRO kateqoriyalı türkiyəli mütəxəssis İbrahim Uzunca ilə anlaşdığını açıqlayıb.
Mirağa