Azərbaycan cüdoçusu İmran Yusifov Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirindən kənarlaşdırılıb.
Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançının təkrar yoxlama zamanı PCR testinin nəticəsi pozitiv çıxıb.
Daha öncə Yusifovdan Bakıda bir, Portuqaliyada iki test götürülüb və hamısının nəticəsi neqativ olub.
Portuqaliyanın daxili qaydalarına əsasən, o, 7 gün müddətinə təcrid olunub.
"Yusifovun, həmçinin nəticələri daha öncə pozitiv çıxan bütün heyət üzvlərinin sağlamlıq vəziyyətləri qənaətbəxşdir, ciddi ağırlaşma halları yoxdur. Bütün heyət üzvlərinin müalicəsi Azərbaycan Cüdo Federasiyasının ciddi nəzarəti altındadır və onlar ehtiyac duyulan bütün tibbi və digər vasitələrlə təmin ediliblər", - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, bu gün yığma üzvlərindən Adil Kərimli (100 kq) və Uşanqi Kokauri (+100 kq) Qran-Pridə güclərini sınayacaqlar. Yarışın ilk günündə tatami üzərinə çıxan təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb.