Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə"də gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən gürcüstanlı legioner finalda monqolustanlı Tsetsentsengel Odxuuya "ippon"la uduzub.
Beləliklə, Azərbaycan yığması "Böyük Dəbilqə"ni 2 gümüş medalla başa vurub. Daha əvvəl Məmmədəli Mehdiyev (90 kq) da finalda məğlub olub.
***
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnində final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı idmançı həlledici mərhələdə yaponiyalı Sanşiro Murao ilə üz-üzə gəlib.
Rəqibinə "vaza-ari" xalı ilə uduzan Mehdiyev gümüş medalla kifayətlənib.
Bu, Azərbaycan yığmasının Paris turnirində ilk medalı olub. Daha bir mükafatın əyarına 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Uşanqi Kokaurinin monqolustanlı Tsetsentsengel Odxuu ilə final görüşündən sonra aydınlıq gələcək.
***
Azərbaycanın son 3 cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/8 finalda Rafael Masedonu (Braziliya), ardınca Mixael Jqankı (Türkiyə) məğlub edib. Yarımfinalda Beka Qviniaşviliyə (Gürcüstan) qalib gələn 29 yaşlı idmançı adını finala yazdırıb. Mehdiyevin həlledici görüşdə rəqibi yaponiyalı Sanşiro Murao olacaq.
100 kq-da mübarizə aparan Zelim Kotsoyev startda (1/8 final) Pyotr Kuçeraya (Polşa) uduzaraq yarışla vidalaşıb.
100 kq-dan yuxarı çəkidə çıxış edən Uşanqi Kokauri də mübarizəyə 1/8 finaldan start verib. Marvin Qado (Monako), Emre Sanal (Fransa) və Kim Min Çon (Cənubi Koreya) ilə duellərdən qalib ayrılan cüdoçu finala yüksəlib. O, qızıl medal uğrunda Tsetsensengel Odxuu (Monqolustan) ilə üz-üzə gələcək.
***
Bu gün Azərbaycanın son 3 cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, 90 kq-da yer alan Məmmədəli Mehdiyev startda Rafael Masedo (Braziliya) / Nqayap Hambu (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.
100 kq-da mübarizə aparan Zelim Kotsoyev Pyotr Kuçeranı (Polşa) sınağa çəkəcək. 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokaurinin rəqibi isə Marvin Qado (Monako) olacaq.
Hər üç cüdoçumuzun ilk görüşü 1/8 final mərhələsinə təsadüf edəcək.
Qeyd edək ki, "Böyük Dəbilqə"nin ilk günündə mübarizəyə qoşulmuş cüdoçulardan Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 73 kq) medalsız qalıblar.