Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanan Azərbaycanın kişilərdən ibarət cüdo millisinin 90 kiloqram çəki dərəcəsindəki üzvü Məmmədəli Mehdiyevin Fanat.Az-a müsahibəsi
- Məlumdur ki, Paris "Böyük Dəbilqə"si nüfuzuna görə digər analoji yarışları üstələyir. Bu isə sizin sözügedən turnirdə ilk medalınızdır. Təəssüratlarınızı bölüşərsiniz.
- Dekabrın sonundan Göygöldə təlim-məşq keçmişdik. Ardınca da Antalyada toplanışımız oldu. Yarışa tam qüvvə ilə hazırlaşmışdıq. Doğrudur, Parisdəki medalın dəyəri daha böyükdür. Həm rəqabət çox olur, həm də medalın görüntüsü digərlərindən daha gözəldir. Həmişə arzulayırdım, Parisdə medal qazanım. Əfsuslar olsun ki, neçə illər idi bu, mənə qismət olmurdu. Çox sevinirəm ki, nəhayət, tilsimi qırdım.
- Finalda məğlub olduğunuz yaponiyalı Sanşiro Muraonu daha əvvəl üstələmişdiniz. Bu dəfə nə çatmadı? Düşünürsünüzmü ki, rəqib sizə qarşı daha hazırlıqlı idi?
- Yaponiyalı idmançını 2 dəfə udub, 1 dəfə uduzmuşam. Həmin gün ümumiyyətlə, o, daha hazırlıqlı idi. Necə deyərlər, gün onun günü idi. Yarışa görə çox çəki salmışdım. Bu da mənə mənfi təsir göstərdi.
- Yeni qaydalarla güləşirdiniz. Dəyişikliklər necə təsir etdi?
- Dəyişikliklər çoxdur. Lakin bunlar mənə hansısa çətinlik yaratmır. Əksinə, yeni qaydalar mənə sərf edir.
- 17-19 fevralda Təl-Əvivdə daha bir "Böyük Dəbilqə" turniri keçiriləcək. Həmin yarış üçün da adınız yığmanın ilkin heyətinə daxil edilib. İsrail paytaxtına yollanacağınız dəqiqdir?
- Bəli, ora da gedəcəyəm. İkinci gün səhər Bakıya çatacağıq. Növbəti gündən artıq məşqlər başlayır. İnşallah, İsraildən də yaxşı nəticə ilə qayıdarıq.
Sahib Əsədbəyli