Azərbaycanın veteran boksçusu Ramiz Yusifov vəfat edib.
Fanat.Az xəbər verir ki, veteran idmançı 86 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Yusifov Ramiz Yusif oğlu Yusifov Ramiz Yusif oğlu - 1936-cı ildə Ağdam rayonunda mayın 15-də anadan olub. O, ilk İbtiadi təhsilini Ağdam rayonunda 1 N-li məktəbdə sonra, Naxçıvan şəhər 1 saylı orta məktəbin 7-ci sinfini, 1954-cü ildə isə Bakı şəhər 199 saylı orta məktəbini bitirib.
1954-cü ildə BDU-nun Geoloji-Coğrafiya fakültəsinə qəbul olunub. 1959 -cu ildə BDU -nun Geoloji-Coğrafiya fakültəsinin neft-qaz axtarış şöbəsini bitirib.
O, 1959-ci ildə BDU-da müvafiq kafedrada fəaliyyətə başlayıb və “Azneftkəşfiyyat” trestində elmi təcrübədə olub. 1965-ci ildə elmlər namizədi elmi dərəcəsi adını alıb.
Ramiz Yusifov 1966-cı ildə AMEA-nın Geologiya İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonra isə böyük elmi işçisi, 1980-1997-ci illərdə isə təcrübi-metodiki geofiziki ekspedisiyanın baş geoloqu vəzifələrində işləyib.
O, ixtisası üzrə bir çox xarici ölkələrdə olub. Belə ki, Ramiz Yusifov 1984-cü ildə Özbəkistanda Qazlı, 1985-ci ildə Səmərqənd-Buxarada, 1989-cu ildə İranın Rüdbar və 1997-ci ildə İranın Ərdəbil zəlzələlərinin nəticələrinin aradan qaldırılması işlərində iştirak edib. 90-dan çox elmi məqalənin müəllifidir.
Ömrünün 50 ilini boksa həsr edib və 1952-ci ildən boksla məşğul olub. 1954-1957-ci illərdə Ümumittifaq Spartak Cəmiyyətinin yarışlarının gümüş və bürünc medallarını qazanıb. O, 1954-cü ildə Tbilisidə 2-ci yeri, 1955-ci ildə Riqada 2-ci yeri, 1956 -cı ildə Vilnüsdə keçirilən 6-cı Spartakiadada 3-cü yeri tutub. Ramiz Yusifov 5 dəfə Azərbaycan çempionu olub. 1958 -ci ildə SSRİ idman ustası, 1996-cı ildə boks üzrə Beynəlxalq dərəcəli hakim adını alıb. Dəfələrlə Avropa və Dünya çempionatlarında iştirak edib.
Ramiz Yusifov Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidenti (1995-2009), həmin federasiyanın icraçı komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin üzvü, Veteranlar Şurasının sədri olub, Prezident təqaüdçüsü idi.
O, həmçinin "Azpetrol LTD"nin birinci müavini və təhlükəsizlik xidmətinin rəisi, ictimaiyyətlə əlaqə departamentinin müdiri olub.