Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Mövlud Mirəliyevin Fanat.Az-a müsahibəsi
- 5-6 fevralda Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin yekunlarını necə dəyərləndirirsiniz?
- Parisdəki "Böyük Dəbilqə" turniri həmişə ən çətin yarışlardan olub. Əbəs yerə bu yarışı kiçik dünya çempionatı adlandırmırlar. Bu turnirdə Azərbaycandan sonuncu dəfə 2007-ci ildə iki nəfər finala çıxmışdı. O vaxt Nicat Şıxəlizadə qızıl, Elnur Məmmədli gümüş medal qazanmışdı. Odur ki, iki "gümüş" əslində, pis nəticə sayılmamalıdır. Əlbəttə, daha yaxşı olardı ki, medallardan biri qızıl olardı.
- Finalçılarımız Məmmədəli Mehdiyev və Uşanqi Kokauridən hansının qızıl medal şansını daha yüksək qiymətləndirirdiniz?
- Hər ikisinin şansı var idi. Amma Uşanqi bir az daha inamlı güləşsəydi, məncə, qızıl medalı götürərdi.
- Yarışda yığmanın liderlərindən olan Rüstəm Orucov və Hidayət Heydərovun erkən məğlubiyyətlərinin səbəbini nədə görürsünüz?
- Hidayət və Kəramət öz səhvlərindən uduzdular. Xüsusən də Hidayət, deyərdim ki, rəqibə ciddi yanaşmadı. Udduğu görüşü uduzdu. Rüstəmə gəldikdə, o, özü də həmişə deyir ki, ucaboy idmançılarla görüşdə çətinlik çəkir. Həm də açığı, Rüstəm Olimpiadadan sonra psixoloji cəhətdən tam toparlanmayıb.
- Turnirin son qalibi Balabəy Ağayevin yarışda iştirak etməməsi nə ilə bağlı idi?
- Balabəy Portuqaliyadakı Qran-Pri turnirində özünü yaxşı göstərdi. Gümüş medal qazandı. Sadəcə, həm üzərində həmin yarışın yorğunluğu var idi, həm də çəkisi çox idi. Yüklənməməsini məsləhət bildik.
- Qarşıdan Təl-Əviv "Böyük Dəbilqə"si gəlir. Ora kimlərin və ya təxminən neçə nəfərin getməsi planlaşdırılıb?
- Liderlərdən Orxan Səfərov zədəlidir. O, istisna olmaqla aparıcı cüdoçuların hamısı gedəcək. Təxminən 12 nəfərlik heyətlə iştirak etməyi planlaşdırırıq.
- Uzun müddətdir arenalarda görünməyən Elmar Qasımovun da adı ilkin heyətdə yer alıb. Onun turnirdəki şanslarını necə dəyərləndirirsiniz?
- Elmar artıq neçə vaxtdır ki, məşqlərdə davamlı iştirak edir. 100 faizlik hazırlığı olmasa da, artıq yarış güləşə bilər. Rüstəm kimi Elmarın da özünəinam problemi var. Düşünürəm, İsraildəki yarışda qazanacağı uğurlu nəticə Elmara yeni nəfəs gətirəcək. Bu, onun karyerasında dönüş nöqtəsi ola bilər.
Sahib Əsədbəyli