Azərbaycanın daha 7 cüdoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən açıq Avropa turnirində mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən Məhərrəm İmamverdiyev startda Arber Kulaşiyə (Kosovo) qalib gəlsə də, 1/8 finalda Alfonso Urquislə (İspaniya) dueldən məğlub ayrılıb. Kərim Allahverdiyev (81 kq) 1/16 finalda Şamil Dzavbatırova (Almaniya) uduzub. 81 kq-dakı digər cüdoçu Ömər Rəcəbli isə 1/32 finalda Joau Fernadu (Portuqaliya) ilə bacarmayıb.
90 kq-da yer alan Əjdər Bağırov startda Citse Van Den Herrevegenə (Belçika) məğlub olaraq mübarizəni dayandırıb. 100 kq-da çıxış edən Sabir İsayev 1/16 finalda Aleksey Yerşova (Ukrayna), Ruslan Nəsirli rəqibi Ris Tompsona (Böyük Britaniya) uduzub.
Qadınların yarışında isə Günel Həsənli 1/8 finalda Minel Akdenizə (Türkiyə) məğlub olub.
Beləliklə, Azəbaycan cüdoçuları günü medalsız başa vurublar.
Qeyd edək ki, ilk yarış günündə 60 kq-da mübarizə aparmış Azərbaycan cüdoçularından Turan Bayramov qızıl, Samir Piriyev isə gümüş medal qazanıb.